Rusiya proses başlatdı: Ermənistan üçün pis xəbər – ŞƏRH

“Rusiyanın Ukraynada bataqlığa düşməsi aydın görünür. Əgər ağılları çatıb onları bu bataqlığa itələyənləri görmədilərsə, öz günahlarıdır. İndi də çabaladıqca daha dərinə batırlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Rusiya qoşunlarının Xersonu tərk etməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ukraynaya SSRİ-ni bərpa edəcəyi xülyası ilə girən Rusiya MDB-nin, KTMT-nin dağılmasının da əsasını qoydu:

“KTMT-nin oyuncaq, mənasız qurum olduğu, de-fakto işlək institut olmadığı Ermənistanın məlum həyasızlığından sonra üzə çıxdı. İndi isə bu təşkilat Rusiyanın özü tərəfindən bilmədən də olsa “qətl” edilir. KTMT-nin nizamnaməsinə görə, təşkilata üzv dövlətlərin ərazi bütövlüyünə təhdid yaranarsa, ərazi bütövlüyü pozularsa, ərazisinə hücum olarsa, bütün ölkələr təcavüzə uğrayan ölkəyə yardım etməli, həmin üzv ölkə tərəfindən savaşa daxil olmalıdırlar.

40 gün əvvəl Rusiya müstəsna həyasızlıqla Xerson, Zaparojye, Donbas bölgəsini öz ərazisi elan etdi. Rusiyanın indiki Konstitutsiyasına görə, həmin bölgələr Rusiya Federasiyası ərazisidir. Öz qanunlarına və KTMT-nin qaydalarına əsasən indi Rusiya “təcavüzə” uğrayıb, “işğala” məruz qalır, “əraziləri” atəşə tutulur, torpaq itkisi ilə üzləşir, amma görünən odur ki, Kreml heç öz əhalisini belə, məsələn, Xersonun Rusiya torpağı olduğuna inandıra bilməyib. Kremlin əsl məğlubiyyəti məhz budur.

Moskvanın Ukraynanı işğal etməklə SSRİ-2 yaratmaq xəyalı MDB-nin də dağılması ilə yekunlaşacaq. MDB-nin dağılması ilə post-sovet məkanında yeni ittifaqlar qurulacaq. Bu coğrafiyada ən işlək və dayanıqlı ittifaq modellərindən biri məhz Türk Dövlətləri Təşkilatı ola bilər. Səmərqənddə TDT rəhbərlərinin toplantısı bu yolda atılacaq növbəti addım kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, KTMT illərdir işğalçı siyasət yürüdən Ermənistanın ən çox güvəndiyi təşkilat olub.

Turan Rzayev, Globalinfo.az