Rusiya hakimiyyəti ölkəni tərk etmiş vətəndaşları təqib etmək üçün təhlükəsizlik qüvvələrinin səlahiyyətlərini genişləndirməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Dövlət Dumasına Baş Prokurorluğa cinayət təqibinə məruz qalan rusların axtarışı üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarından kömək istəmək hüququ verən qanun layihəsi təqdim edilib.
Müxtəlif hesablamalara görə, ölkəni tərk etmiş insanların sayı 600 mindən 1 milyon nəfərə qədərdir.
Baş Prokuror Vasili Piskarev bildirib ki, yalnız xarici vətəndaşları deyil, həmçinin cinayət törədən və ölkəni tərk edərək cəzadan yayınmağa çalışan Rusiya vətəndaşlarını da məsuliyyətə cəlb etmək üçün materialları xarici ölkələrə göndərə biləcək.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Cinayət-Prosessual Məcəlləsinin 458-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır.
“Ədalətdən qaçıb xaricdə gizlənənlər harada olmalarından asılı olmayaraq cinayətlərinə görə cavab verməlidirlər”, – deyə Piskarev vurğulayıb.
Sənədə əsasən, dövlət ekstremist təşkilatlarda iştirak etmək, habelə dost olmayan dövlətlərin xarici mərkəzlərində təlim keçmək üçün Rusiyanı tərk etmiş şəxslər haqqında məlumat bankının yaradılması təklif olunur. Strategiya layihəsində deyilir ki, Rusiyaya qarşı xarici ekstremist təhdidlər artır və xaricdən fəaliyyət göstərən ekstremistlər “ictimai-siyasi sabitliyi pozmağa” və “rəngli inqilaba” can atırlar.
Müşviq Tofiqoğlu
Globalinfo.az