Putin 1231

“Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib. Kreml iyulda keçirdiyi “Rusiya-Afrika” sammitində istədiyi nəticəni əldə etmədi. Rusiya Prezidenti Vladimir Putinin “biz Afrika ölkələrinin bir qisminə taxılı pulsuz çatdıracağıq” çağırışı toplantıya qatılan bir sıra ölkə lideri tərəfindən mənfi qarşılandı, Cənubi Afrika Respublikasının prezidenti etirazını gizlətməyərək bu cümləni işlətdi: “Bizə hədiyyə lazım deyil, Qara dənizdən taxıl daşıyan gəmilərə hərəkət sərbəstliyi verin”. Bu sözlər ona işarə idi ki, Rusiya Ukrayna taxılının Afrika ölkələrinə daşınmasının qarşısını alıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın formalaşdırdığı bir başqa ittifaqda da dərin fikir ayrılığı yaranıb:

“Bir qrup ölkə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatına üzv olmaq istəyir. Rusiya və Çin BRİCS-i yeni üzvlərlə gücləndirmək istəyir. Misal üçün, Çin BRİCS-i inkişaf etməkdə olan ölkələr hesabına genişləndirməkdə maraqlıdır. Pekin ilk növbədə İndoneziyanın və Səudiyyə Ərəbistanının birliyə üzv olmasını dəstəkləyir. Hindistan və Braziliya isə fərqli mövqedədirlər. Rusiya və Çin BRİCS-i Qərbə qarşı güclü bir alyansa çevirmək istəyərkən Hindistan və Braziliya buna qarşıdır.

Elxan Sahinoglu 5

Elxan Şahinoğlu

Bu arada, Rusiya yeni ittifaqın yaradılmasına çalışır. Yeni ittifaq Rusiya, Çin və Şimali Koreyadan ibarət olmalıdır. Rusiya Ukrayna müharibəsini davam etdirmək məqsədilə Şimali Koreyadan silah və sursat almaqla yanaşı, Pxenyanla ittifaqı gücləndirməyi planlaşdırır. Bu plan Pekinin də maraqlarına cavab verir. Şoyqudan sonra qapalı ölkə sayılan Şimali Koreyaya Çin nümayəndə heyəti səfər edib. Mümkündür ki, gələcəkdə Rusiya, Çin və Şimali Koreya arasında birgə hərbi təlimlər keçirilsin.

Bölgə ölkələri olan Hindistan, Avstraliya və Yaponiya isə Çin və Rusiyanın artan hərbi əməkdaşlığını və birgə hərbi təlimlərini “Asiyada sabitliyini qorunması” kimi deyil, böyük təhlükə kimi qiymətləndirirlər. Buna görə də ABŞ, Hindistan, Yaponiya və Avstraliya avqustun 11-dən “Malabar” hərbi dəniz təlimlərinə başlayıblar”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: