“Rusiya istəyir deyə, Azərbaycan ABŞ və AB ilə əməkdaşlıqdan imtina etməyəcək” – ŞƏRH

“Əslində, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlamasıyla Vaşinqtonu və ya rusiyalı rəsmilərin təbirincə desək, “kollektiv Qərb”i deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Patruşevin ABŞ-ın keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər etməsi haqda açıqlamasına münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Patruşev Rusiyaya qonşu olan ölkələri ABŞ və “kollektiv Qərb”dən uzaq durmaları barədə xəbərdar edib:

“Həqiqətən ABŞ və Avropa Birliyi keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir, ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin arasında nifaq yaranmasına çalışmır, bu, “kollektiv Qərb”in maraqlarına ziddir. Nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır”.

Elxan Şahinoğlu 

Onun sözlərinə görə, Azərbaycan ABŞ və AB ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var və bu iqtisadi əlaqələrdən qazanc əldə edir:

“Rusiya istəyir deyə, Azərbaycan ABŞ və AB ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər. Ona görə də Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil”.