Bakı-Tehran arasında riskli barışıq ssenarisi – Politoloqdan xəbərdarlıq

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian martın 29-da Rusiyaya səfər etdi. Abdullahian səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra mətbuat konfransına qatılan XİN başçıları jurnalistlərin sualına cavab verib.

Konfransın ən diqqətçəkən məqamı, şübhəsiz, Lavrovun mövcud İran-Azərbaycan gərginliyinə toxunmasıdır. Rusiya XİN başçısı İranla Azərbaycan arasında gərginliyinin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub.

Maraqlıdır, Rusiya mövcud İran-Azərbaycan gərginliyinin aradan qaldırılması üçün vasitəçi ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanla İran arasında gərginliyin aradan qaldırılması üçün vasitəçiyə ehtiyac yoxdur:

“Ümumiyyətlə, nə İranla münasibətlərin normallaşması, nə də başqa bir məsələdə Rusiyanın vasitəçiliyinə ehtiyacımız yoxdur. Çünki Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb.

Kreml necə ki Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, yəqin, eyni qaydada İran münasibətlərin “tənzimlənməsinə” yardım etmək istəyir.

Elxan Şahinoğlu

Ümumiyyətlə, İran-Azərbaycan gərginliyinin səngiməsi rəsmi Tehranın əlindədir. Belə ki, İran Azərbaycana qarşı təxribatlarını dayandırsa, səfirliyimizə edilən hücumu araşdırmağa başlanılsa və bu haqda Bakı məlumatlandırılsa, gərginlik də azalar, ancaq Tehran bunların heç birini etmir.

Hesab edirəm, Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub, Azərbaycana qarşı təzyiqi artıracaq”.

Turan Rzayev
Globalinfo.az