Rusiya ilə niyə bu qədər yaxınlaşmışıq? – Bakının siyasətində gözdən qaçan xüsusi məqam 

Son illər Azərbaycan-Rusiya münasibətlərində tamam başqa mərhələ başlayıb. Bu tendensiya hər il artan istiqamətdə davam edir. İki ölkə arasında münasibətlər ildən-ilə daha da yaxşılaşır.

Rusiya 44 günlük Vətən müharibəsində Azərbaycanla bağlı təmkinli davrandı. Bu ölkə ilə bağlı on illərdir formalaşmış stereotip 2020-ci ildən üzü bəri tamamilə dəyişib. Ən əsas, İkinci Qarabağ Müharibəsi zamanı Moskva ənənəvi davranış sərgiləmədi. Azərbaycana torpaqlarını işğaldan azad etməyə mane olmadı.

Arxiv foto: 22 fevral 2022-ci il, Moskva

2022-cü ilin fevral ayında Moskvada iki ölkə arasında strateji müttəfiqliyə dair saziş imzalandı. Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında münasibətlər də olduqca mehriban və səmimidir.

Bəzən Bakının Rusiya ilə bağlı siyasəti tənqidə məruz qalır. Bəzən də Moskva ilə yaxınlaşmaq riskli addım kimi qiymətləndirilir. Bunun ölkəmiz üçün riskli olduğu vurğulanır. Burada əsasən Qərb amili qabardılır. Lakin Qərb – istər Avropa Birliyi, istər ABŞ indiyə kimi Azərbaycana Rusiyaya görə təzyiq göstərməyib.

Rusiya savaşılacaq ölkə deyil, anlaşılacaq, əməkdaşlıq ediləcək qonşudur. Bunun əksi böyük faciələr və problemlər yaradır…

Ötən həftə Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iclasda iştirak edib.  

Prezidentin köməkçisi çıxış zaman deyib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir:

“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.

H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:

“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.

Rusiya ilə dostluq əlaqələrinin genişlənməsi Azərbaycanı Qərbin hədəfinə çevirə, Bakının balans siyasətinə təhlükə yarada bilərmi? Qərblə, İsraillə, ABŞ-la, eləcə də Rusiya, Çin, İranla normal münasibətlər, əməkdaşlıq, müttəfiqlik ölkəmizin manevr imkanlarına necə təsir edir? Hər kəslə yaxşı münasibət qurmaq sona kimi mümkün olacaqmı?

Oqtay Qasımov

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan bu günə qədər həyata keçirdiyi xarici siyasəti davam etdirir:

“Yəni prinsipcə xarici siyasətdə xüsusi dəyişiklik olmayıb. Xarici siyasətimizin əsasını yenə balans siyasəti təşkil edir. Bu o deməkdir ki, rəsmi Bakı bütün qütblərə, güc mərkəzlərinə bərabər məsafədə dayanıb öz ali maraqlarını təmin edir.

Misal üçün, bu gün Rusiya ilə münasibətlər yüksələn xətt ilə inkişaf edir. Xüsusilə qeyd edim ki, bu hər iki tərəfin maraqlarına uyğundur. Hətta Rusiya özünün Cənubi Qafqaz siyasətində konkretlər edir, daha loyal bir siyasi xətt tutur. Bunun ən önəmli səbəbi Azərbaycanın etibarlı tərəfdaş kimi Kreml nəzdində qəbul edilməsidir. Yəni Rusiya Azərbaycandan hər hansı bir zərbə, xəyanət gözləmir.

Rəsmi Bakı ilə münasibətləri normallaşdırmağa çalışan əsas ölkə isə İrandır. Prinsipcə Bakının Tehran ilə xüsusi bir ədavəti problemi yoxdur. Gərginlik son zamanlar aradan qalxıb. Düzdür, müəyyən problemlər qalsa da, əvvəlki gərginlik artıq yoxdur”.

Politoloq deyib ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və maksimum gərginlikdən uzaq qalmaq istəyir:

“Regional qonşularımız ilə əməkdaşlıq etməyimiz Qərbi, ABŞ-ı narahat etməməlidir. Sevindirici haldır ki, son zamanlar həm Qərblə, həm də ABŞ-la münasibətlər qaydasına düşüb. Xüsusilə ABŞ rəsmiləri ilə son zamanlar aparılan danışıqlar, Vaşinqtonun sərgilədiyi münasibət bunu deməyə əsas verir.

Etiraf etmək lazımdır ki, müasir geosiyasi vəziyyət və reallıqlar çərçivəsində balans siyasəti aparmaq çox çətindir. Çünki hər bir tərəfi məmnun etmək qeyri-mümkündür. Nəzərə almaq lazımdır ki, fərqli qütblər arasında ədavət, rəqabət hər zaman olur. Bakı isə bu günə qədər ustalıqla balans siyasəti yeridib”.

Turan Rzayev
Globalinfo.az