Rusiya ilə Azərbaycan arasında nələr yaşanır?

Son zamanlar Rusiya-Azərbaycan münasibətlərində kəskin yaxınlaşma müşahidə edilir. 19-20 sentyabr antiterror əməliyyatlarından sonra bu, daha açıq sezilir. Cəmiyyət Rusiyaya əvvəlki kimi narahat və şübhə ilə yanaşmır. Ən azından Moskvanın Qarabağla məsələsində Azərbaycana qarşı olmadığı açıq göründüyü üçün insanlarımızda müəyyən qədər əminlik yaranıb.

Bu isə cəmiyyətdə müəyyən suallar doğurur. İnsanlarımız düşünür ki, bu siyasət Rusiya prezidenti Vladimir Putinə bağlıdır? O hakimiyyətdə omasa, Kreml bizə yenə belə yanaşacaq? Rusiya ilə bu isti münasibət və anlaşma nə vaxta kimi davam edəcək? Moskvaya hara qədər güvənmək olar?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları, o cümlədən Rusiya ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət hesab edir:

“22 fevral 2022-ci ildə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Üç gün öncə möhtərəm Prezidentin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edən zaman da bildirdiyi kimi, müqavilənin imzalandığı ötən dövr ərzində münasibətlərimizin həqiqətən müttəfiqlik xarakteri daşıdığının şahidi olmuşuq və bu, özünü bütün sahələrdə göstərib.

Biz yaxşı xatırlayırıq ki, Vətən müharibəsi dövründə, habelə lokal xarakterli antiterror tədbirləri zamanı Rusiya Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə münasibətdə beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşıb. Etiraf etməliyik ki, Rusiya ilə münasibətləri bərabərhüququlu əsasda nizamda saxlamaq sadə məsələ deyil. Xüsusən hazırkı qütbləşmə şəraitində Rusiya kimi böyük dövlətin dilində danışa bilmək, balanslı münasibəti qorumağı bacarmaq siyasi ustalıq tələb edir”.

Bəhruz Məhərrəmov

Deputat deyib ki, Azərbaycan-Rusiya münasibətləri müstəqilliyimizin ilk illərində gərgin perioddan keçib:

“Lakin məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Bakı və Moskva arasında əlaqələrin normallaşması, yüksələn xətt üzrə inkişafı müşahidə olunub. Prezident İlham Əliyev isə şimal qonşumuzla əlaqələri müttəfiqlik səviyyəsinə yüksəldə bilib. Əlbəttə, bu mənada Bakı-Moskva münasibətlərində şəxsiyyət amili həlledici faktorlardan biridir. Prezidentlər, cənab İlham İlham Əliyev və Vladimir Putinin şəxsi əlaqələri çox məsələlərin həllində bürokratik əngəlləri aradan qaldıraraq münasibətlərimizin axarına yön verir. Eyni zamanda bir reallıq da var ki, Bakı ilə Moskvanı yalnız mehriban qonşuluq münasibətləri bağlamır, cənab İlham Əliyev Azərbaycanla əlaqələri Rusiyanın prioritetlərindən biri səviyyəsinə qaldıra bilib”.

Bəhruz Məhərrəmov qeyd edib ki, artıq Moskva üçün Bakı ilə münasibətlər strateji, iqtisadi və ticari mənfəət kimi Rusiyada dövlətin özünün milli maraqlarından biri səviyyəsinə yüksəlib.

Zaira Akifqızı
Globalinfo.az