Rusiya dalana dirənir: daha iki ölkə müharibəyə qoşula bilər

Rusiya-Ukrayna müharibəsinin ildönümündə Dnestryanı ilə bağlı müzakirələr daha da güclənir. Kişinyov rəhbərliyi Rusiyanın bu ərazidən istifadə edərək Moldovaya hücum planlaşdırdığını iddia edir.

Politoloq Turab Rzayev Globalinfo.az-a açıqlamasında bəzi səbəblərə görə Rusiyanın buna risk etməyəcəyini bildirib:

“Rusiyanın əvvəldən planı belə idi ki, Ukraynanı sürətli şəkildə ələ keçirdikdən sonra Moldovanı və digər keçmiş Sovet ölkələrini işğal edib SSRİ-ni bərpa etsin. Hətta Kiyevin mühasirəyə alındığı zamanlarda Moldova küçələrində iğtişaşlar başlamışdı. Rusmeyilli sabiq prezident İqor Dodon əhalini kütləvi etirazlara çağırırdı. Qərbpərəst, Rusiyaya qarşı mövqeyi ilə tanınan baş nazir Maya Sandu isə kifayət qədər küncə sıxılmışdı. Daha sonra Rusiya Ukraynadakı uğursuzluğu səbəbi ilə bu planları ertələdi. Hazırda Rusiyanın Dnestryanı bölgədə sadəcə bir neçə min əsgəri var. Bu ərazi isə Rusiya ilə Moldovanın arasında yerləşir. Buna görə Rusiyanın həmin ərazidə müharibəyə başlaması fərqli nəticələrə səbəb ola bilər. Belə bir riskə gedəcəyini düşünmürəm.

Rusiya əgər Moldovanı özünə qatmaq, bu ölkəyə qarşı hansısa hərbi əməliyyat aparmaq istəyirsə, Dnestryanı bölgədəki ordusunu fasiləsiz olaraq silah-sursatla təmin etməlidir. Rusiya Qara dəniz istiqamətindən hücum edərək Odessanı nəzarətə götürməklə həmin əraziyə girmək istədi. Amma nə dənizdən, nə də quru ərazilərdən buna nail ola bilmədi. Yəni orada yerləşən birləşmələri silahla təmin etməsi mümkün olmayacaq”.

T.Rzayev deyib ki, gözlənildiyinin əksinə olaraq Rusiya deyil, Moldova Dnestryanını nəzarətə götürə bilər:

“Belə bir vəziyyətdə Moldova və Ukrayna birləşərək sözügedən ərazini nəzarətə götürə bilərlər. Nəticədə isə Rusiya pis vəziyyətdə qalar. Oradakı rus əsgərləri indi faktiki olaraq mühasirə vəziyyətindədirlər. Ukraynada onsuz da müharibə gedir, amma Moldovanın da bu döyüşlərə qoşulması blokadanın yaranmasına səbəb olacaq. Həmçinin Moldova Rumıniya ilə demək olar ki, bir dövlət şəklində hərəkət edir. Birinin müharibəyə qoşulması, digərinin də iştirakı deməkdir. Yəni hər iki ölkənin ordusu eyni hədəf üçün döyüşəcək. Bu da Moldova-Rumıniya ordularının Dnestryanını çox sürətlə nəzarətə götürə biləcəyi mənasına gəlir. Rusiya bütün bunları nəzərə alaraq hücum qərarı verməz. Ola bilsin ki, Kişinyovun belə bir niyyəti var. Sadəcə ilk addımın Rusiyadan gəlməsi ilə bağlı fikir yaratmağa çalışır. Çünki Rusiya tərəfi Moldova və Polşa rəhbərlərinin hücum ehtimalı ilə bağlı açıqlamalarını provokasiya adlandırmışdı.

Əvvəllər Dnestryanıda hansısa aktivlik yox idi. Moldova, Rusiya və Ukrayna prezidentlərinin açıqlamalarından sonra bölgədə hərbi əməliyyatların başlayacağı ehtimalı və müzakirələri artdı. Amma ilk atəşi hansı tərəfin açacağını zaman göstərəcək”.

Ayşən Mustafa
Globalinfo.az