Turan xerite

Son illər Türk Dünyası ilə bağlı yaşanan irəliləyişlər yalnız bu coğrafiyada deyil, kənarda da diqqətlə izlənilir. Xüsusilə də Türk Dövlətləri Təşkilatının yenidən format edilməsi, Türkiyə və Azərbaycan prezidentlərinin bu layihə ilə bağlı ciddi çalışmaları və ortaya möhtəşəm nəticə qoymaları digər liderlərin də diqqətini cəlb edib ki, onlardan biri Rusiya Prezidenti Vladimir Putindir. O, həm İlham Əliyevlə, həm Rəcəb Tayyib Ərdoğanla, həm də Mərkəzi Asiya Respublikalarının liderləri ilə yaxşı münasibətlərə sahibdir. 

Bir çox ekspertlər iddia edir ki, TURAN ideası və Türk Dünyasının bir araya gəlməsi həm də Putinin istəyi ilə üst-üstə düşür. Belə ki, normal münasibətdə olduğu türk ölkələrinin ortaya qoyduğu layihə Rusiyanın da gələcəkdə iqtisadi, logistik layihələrə qoşulmasına qapı açır. Ara-sıra Putinin Türk Dövlətləri Birliyinin gizli üzvü kimi təşkilatda təmsil olunması barədə deyilənlər heç də fantaziya nümunəsi sayıla bilməz. Son illər görünən budur ki, Rusiya prezidenti və bütövlükdə rəsmi Moskva Şərqdə qurulan bir neçə ittifaqa ciddi şəkildə həvəs göstərir. Onun Çinlə, Pakistanla paralel olaraq Türk ölkələri ilə də əlaqələrini yaxşılaşdırdığı göz önündədir. Ona görə də V.Putinin Türk Dövlətləri Birliyinə və TURAN ideyasına qarşı xoş münasibəti xeyli dərəcədə inandırıcıdır.

Sual yaranır: Rusiya, Çin və İran Türk Dövlətləri Birliyinə üzv ola bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, Türk Dövlətləri Birliyinin yaranması və bu birlik çərçivəsində türkdilli dövlətlərin münasibətlərinin dərinləşməsi, gələcək TURAN-ın təməl daşının qoyulması kimi dəyərləndirilə bilər.

Onun fikrincə, TURAN-ın yaradılması ilk baxışda Türkiyə və Azərbaycan başda olmaqla türkdilli ölkələrin maraq dairəsinə aid məsələ kimi baxılsa da, ortada böyük güclərin bu birliyin yaradılmasında ciddi maraqları görünür:

“Məlum məsələdir ki, bu gün dünyada iki böyük güc – ABŞ və Çin arasında iqtisadi maraqların bölüşdürülməsi uğrunda elan olunmamış müharibə gedir. Tərəflər bir-birinin zəifləməsi üçün əllərindəki bütün vasitələrdən məmnuniyyətlə istifadə edirlər. Çinin ABŞ-ın bütün basqılarına baxmayaraq sürətlə inkişafı Birləşmiş Ştatları ciddi narahat edir. Amerikanın dirijorluğu ilə başlanan Rusiya-Ukrayna müharibəsinin əsas hədəfi indiki Rusiyanı zəiflədib özündən asılı vəziyyətə salmaq və sonda onu ABŞ-ın maraqlarına cavab verən anti-Çin dövlətinə çevirməkdən ibarətdir”.

Sabiq nazir deyib ki, Çinə qarşı daha bir anti-Çin qüvvə TURAN ola bilər və bu səbəbdən ABŞ TURAN-ın bərpasına yol açacaq kimi görünməkdədir:

“Çinin uyğurlarla mövcud münasibətləri fonunda Avroasiya məkanında TURAN kimi bir anti-Çin gücün yaranması, ABŞ-ın maraqlarına çox xidmət edə bilər. Nəzərə alsaq ki, TURAN-ın başında NATO üzvü Türkiyə və onun yaxın müttəfiqi – dolayı yolla NATO üzvü hesab edilən Azərbaycan var, o halda bu layihənin gerçəkləşəcəyinə şübhə qalmır. TURAN-ın yaradılacağına şübhə ilə yanaşanlara bir xatırlatma: Baxın, beynəlxalq təşkilatlar sərhədlərin toxunulmazlığından, ölkələrin daxili işlərinə qarışmamaqdan nə qədər danışsalar da, son onilliklər ərzində nə qədər sərhədlər dəyişib, böyük güclər tərəfindən nə qədər ölkənin daxili işlərinə müdaxilələr edilib və belə müdaxilələrlə onlar sonda öz istəklərini necə reallaşdıra biliblər. 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının imzası ilə bağlanmış Helsinki aktının əsas prinsipləri sərhədlərin toxunulmazlığı dövlətlərin ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq olsa da, bütün bu dediklərimiz həmin Aktın qüvvədə olduğu dövrdə baş verib!”

F.Yusifov ABŞ-ın dirijorluğu ilə Yuqoslaviyanın necə dağıdılması haqda danışıb:

“Kosovo bir dövlət kimi dünyanın 100-ə yaxın ölkəsi tərəfindən necə tanındı? Bəs məlum Helsinki müqaviləsi ilə “sərhədlər dəyişilməzdi” deyilirdi! Ancaq barəsində danışdığımız nümunədə sərhədlər də dəyişildi, yeni dövlətlər də yarandı”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: