Rusiya Baxmutda “dalana dirənib”: hərbçilərin irəliləyə bilməmələrinin səbəbləri

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib ki, Rusiya ordusunun Donetks vilayətinin Baxmut şəhərinə hücum üçün canlı qüvvəsi tükənir. Onun sözlərinə görə, Rusiya ordusunun insan resursları tükənir: “Müdafiə qüvvələrimiz şərqdə düşmənə böyük itkilər yaşadaraq Baxmutu müdafiə edirlər. Bəzi bölgələrdə düşmən çox aqressivdir. Çünki insan resursları azalır və vaxt onların əleyhinə işləyir”.

A.Sirski, həmçinin bildirib ki, Ukrayna ordusundakı koordinasiya düşmənin planlarını pozur.

Maraqlıdır, Ukrayna Rusiya hücumlarını Baxmutda dayandıra biləcək? Ruslar Baxmutda dayansa, bu, müharibənin taleyinə necə təsir edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, təxminən 6 aydır ki, ərazidə gərgin döyüşlər gedir:

Kənan Novruzov

“Rusiya Silahlı Qüvvələri Baxmutu mühasirəyə alsalar da hələ ki, şəhəri ələ keçirə bilməyiblər. Bu isə onların ciddi müqavimətlə üzləşdiyini göstərir.

Rusiya yarım ildir ki, Baxmutda mübarizə aparırsa, deməli, bu istiqamət onlar üçün, doğrudan da, mühümdür. Rusiya ordusu Baxmutu ələ keçirdikdən sonra digər istiqamətlər üçün də yol açılacaq. Eyni zamanda Rusiya ordusunun komandanlığı başa düşür ki, Baxmutun işğalı Ukraynaya psixoloji təsir ola bilər. Ona görə də Rusiya ordusu hələ də Baxmutdan çıxmır”.

Ekspert hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin Baxmutda “dalana dirənməsinin” 3 əsas səbəbi var:

Birincisi və ən əsası Ukrayna hərbçilərinin uğurlu mübarizəsidir.

İkincisi, Qərbin Ukraynaya davamlı dəstəyidir.

Üçüncüsü isə Rusiya ordusundakı xaosdur.

Artıq məlum olduğu kimi, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi təşkilatının fikirləri bir çox hallarda üst-üstə düşmür. Bu, özünü cəbhənin bir çox istiqamətlərində, o cümlədən Baxmutda da göstərir.

Hərbi nəzəriyyələrə əsasən, hücumçu müdafiə olunan tərəfdən ən azı iki dəfə artıq itki verir. Bu isə Ukrayna Silahlı Qüvvələrinin qarşı tərəfin itkiləri ilə bağlı iddialarının doğru olması ehtimalını artırır”.

K.Novruzov bildirib ki, Baxmutda döyüşlər davam etdikcə, Rusiyanın itkiləri daha da artacaq:

“Amma Rusiyanın yaxın vaxtda Baxmutdan əl çəkəcəyi gözlənilmir”.

Turan Rzayev
Globalinfo.az