Putin elan etdi: sülhməramlıların Qarabağdan çıxacağı tarix… – Ekspert

“Rus sülhməramlı kontingenti Qarabağda yerləşəndən ən çox verilən sual “5 ildən sonra çıxacaqlarmı, yoxsa təxribatlar törədə-törədə uzadacaqlar?” idi. Elə o vaxt deyirdim, “rusları orkestrlə, qırmızı bantlar və medallarla yola salacağıq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Nazim Bayramov deyib.

Onun sözlərinə görə, sual daha geniş qoyulmalı idi:

“1992-ci ilin aprel-may aylarında Qarabağ münaqişəsinin həlli Qərb platformalarına çıxarılandan sonra keçmiş DQMV ərazisi beynəlxalq vasitəçi institutlarda “mübahisəli ərazi” kateqoriyasına aid edilmişdi. Ərazi mənsubluğu “mübahisəli” olduğuna görə Qarabağdan Ermənistana gedən yol beynəlxalq nəzarətdə olmalı idi. Məsələn, Minsk prinsiplərinə görə, Ermənistanın Qarabağı Azərbaycanın tərkibində tanıması bu ərazi mübahisəsinə (iddiasına) son qoyur. Bununla Laçın yolu “mübahisəli ərazidən” Ermənistana gedən beynəlxalq statuslu yoldan (koridordan) adi, daxili yol statusuna keçir”.

N.Bayramov deyib ki, bu yolda beynəlxalq (kənar) nəzarətə zərurət qalmır:

“Putin əslində bu son fikri söyləyir və əlavə edir ki, “sülhməramlı mandat (vaxtı) davam edir və orada humanitar məsələlər qalır… Amma Azərbaycan dəfələrlə deyib ki, etnik təmizləmədə maraqlı deyil”.

Nazim Bayramov

Azərbaycan beynəlxalq aləm tərəfindən etnik təmizləmədə ittiham olmaqla “izqoylar” sırasına düşmək istəməz. Deməli, bu mənada Qarabağda sülhməramlı kontingenti saxlamağa gərək qalmır. Buna görə indi əminliklə demək olar ki, 2025-ci ildə rus sülhməramlı kontingenti Qarabağı tərk edəcək.

Ola bilər, rus-türk monitorinq mərkəzi bir müddət qalsın, hətta yerlərdə hansısa şikayətlərə baxmaq kimi əlavə funksiyalar verilsin”.

Zaira Akifqızı
Globalinfo.az