Rus ordusu irəliləyir – Ukraynanın daha bir şəhəri işğal edilir

Rusiya qüvvələri Donetsk vilayətinin Avdiv şəhərinə hücumlarını davam etdirir. Ruslar son sutkada şəhərdə irəliləyiblər.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya qoşunları Avdiv koks zavodundan şimalda və şəhərin cənub-şərq kənarındakı sənaye zonasında irəliləyiblər.

Rus mənbələri Rusiya qoşunlarının sənaye zonasının 60 faizinə nəzarət etdiyini və Avdiv koks zavodunun bir hissəsinin “boz zona”ya çevrildiyini iddia edirlər. Həmçinin iddia edirlər ki, rus ordusu Avdivin cənubunda bir neçə mövqeni tutub və şəhərin şimal-şərqindəki Terikondan cənuba doğru hücumları davam etdirirlər.

Ruslar Avdivin şimalındakı dəmir yolu yaxınlığında uğur qazandıqlarını və Stepovoy yaxınlığındakı mövqelərə nəzarəti gücləndirdiklərini, Ukrayna qoşunlarının şəhərin cənub-şərqindəki sənaye zonasından geri çəkilmədiyini bildirirlər. Başqa bir rus mənbəsi isə qeyd edir ki, döyüşlər əsasən Oçeretnı, Novokalinovo və Avdiv koks-kimya zavodu istiqamətində gedir.