Rus ordusu Ermənistana və türk ölkəsinə girəcək? – Bufer-zona…

NATO-nun keçmiş baş katibi Corc Robertson deyib ki, Putin Ukraynada qalib gəlsə, növbəti addımda Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer-zona yaradacaq.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, NATO-nun keçmiş baş katibi Robertson klassik Qərb siyasətçiləri kimi ajiotaj yaratmağı sevir:

“Rusiya siyasi-iqtisadi məngənədədir. Hələ Ukrayna cəbhəsində öz istəklərinə nail olmadığı halda növbəti dəfə hansısa ölkəyə hücum edəcəyi ilə bağlı fikirlər absurddur. Rəsmi Moskva Ukraynaya hücum səbəbindən qlobal sanksiyalarla üz-üzə qalıb. Bu sanksiyaların iqtisadi təsirlərini yavaş-yavaş hiss edir. Mövcud müharibənin tez bir zamanda bitməsi ilə bağlı isə ümidverici proqnozlar yoxdur.

Siyasi şərhçi qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətindən narazıdır, lakin Kremlin orada təmizləmə aparmasına ehtiyac yoxdur:

“Çünki İrəvan Ukrayna qədər gücə malik deyil ki, Rusiyaya duruş gətirsin. Qazaxıstan isə Rusiya ilə müxtəlif təşkilatlarda təmsil olunur və Astanadan Moskvaya qarşı təhdid yoxdur”.

T.İsmayılov Kremlin əlində Dnestryanı faktorunun olduğunu da xatırladıb:

“Moldova məsələsində Rusiya Dnestryanıda onsuz da öz məqsədlərini həyata keçirə bilir. Moskva sadalanan hansısa ölkədə münaqişəyə başlamayacaq”.

Safura Bənnayeva
Globalinfo.az