
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Moskvaya nota göndərilib.
Azərbaycandakı Rusiyameyilli qüvvələrə qarşı nə kimi addımlar atıla bilər? Onların müxtəlif sahələrdə yerləşdiyinə dair iddialar var. Rusiyanın Azərbaycandakı “Beşinci kolonu”na qarşı hansı qabaqlayıcı, neytrallaşdırıcı tədbirlər gözlənilir?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Rus Evi”nin ölkəmizdə fəaliyyətinə xitam verilməsi yerində və doğru addımdır:
“Hər şeydən əvvəl “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatı yoxdur. Yəni fəaliyyəti tamamilə qanunsuzdur. Belə olan halda hansısa fəaliyyətdən danışmaq olmaz.
Digər tərəfdən, “Rus Evi”nin fəaliyyətinin dayandırılması rus agenturasına ciddi zərbə olacaq. Aydın məsələdir ki, bu kimi mərkəzlər mədəniyyəti təbliğ etmək, tanıtmaqdan adı ilə özünə sadiq şəxsləri hazırlayıb, casusluq fəaliyyətinə cəlb edir. Bütün bunlar qəbuledilməzdir”.

Qabil Hüseynli
Politoloq qeyd edib ki, bu gün ölkədə kifayət qədər rusmeyilli var:
“Təbii ki, “hamısı casusdur” demək doğru deyil, amma casus şəbəkəsi də genişdir. Hətta “Beşinci kolon” dediyimiz bu şəxslər vaxtaşırı aktivləşir. Əvvəllər isə dövlət siyasətinə təsir etməyə belə çalışırdılar. Xoşbəxtlikdən son illər aparılan kadr islahatları nəticəsində bir çox “strateji şəxs” sıradan çıxarıldı. Rusiyanın ölkəmizdəki casus şəbəkəsinə ciddi zərbə vurulsa da, prosesin davam etməsi vacibdir”.
Turan Rzayev
Globalinfo.az