İranın hava məkanının hələ də tam açılmaması müəyyən suallar doğurub. Bəzi ekspertlərin fikrincə, İsrailin növbəti hücum ehtimalı mövcuddur və bu, Tehranın ehtiyatlı davranmasına səbəb olur. Hava məkanının qapalı qalması, həm də bölgədəki siyasi-hərbi qeyri-müəyyənliyin davam etdiyini göstərir. Mütəxəssislər hesab edir ki, İran vəziyyət tam stabilləşməyincə hava məkanını tam açmayacaq.
İran hava məkanını niyə tam açmır? Rəsmi Tehran üçün hansısa təhlükə varmı? İsrail hər an hücum edə bilər?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, İran ABŞ-la danışıqlar masasına oturmadığı və ikitərəfli görüşlər başlamadığı müddətcə ölkə havadan, qurudan və dənizdən davamlı təhdidlərə məruz qala bilər:
“İsraillə atəşkəs rejimi tətbiq edildikdən sonra İran hava məkanı qismən açılıb. Lakin təhlükəsizlik baxımından hələ də risk var. Yəni, beynəlxalq aləmdəki gərginliklər və mümkün hərbi təhdidlər, hava sahəsinin güclü nəzarətdə saxlanılmasına şərait yaradır. İran hakimiyyətinin hər hansı bir təhrikedici və ya qıcıqlandırıcı fəaliyyəti atəşkəsin pozulmasına, İsrailin yenidən hücum etməsinə səbəb ola bilər”.
Sədrəddin Soltan
Politoloq qeyd edib ki, atəşkəsin dayanıqlı olması üçün tərəflər arasında heç bir görüş və uyğun sənəd imzalanmayıb:
“Hava məkanı təhlükə mənbəyi olaraq qalır. İslam Respublikasının Təl-Əvivə və Vaşinqtona qarşı, xüsusən də ABŞ bazalarına yönəlmiş hərəkətləri yeni hücumların baş verməsinə və atəşkəsin pozulmasına yol açar. Bu cür təhrikedici addımlar, gərginliyin daha da artmasına və tərəflər arasında münaqişələrin yenidən başlamasına gətirib çıxarar”.
Ləman Hüseynzadə
Globalinfo.az














