Azərbaycanda referendum və erkən seçkilərin keçirilməsi mövzusu iki ildir gündəmdən düşmür. Diqqətçəkən bir məqam isə budur ki, son günlər avqust ayının sonunadək gözlənilən referendumla bağlı qərarın elan olunacağı xəbərinin tirajlanmasıdır. Bununla paralel olaraq iddia edilir ki, icra hakimiyyətləri tezliklə ləğv olunacaq, onların bazasında nümayəndəliklər yaradılacaq.
Maraqlıdır, bu iddialar nə qədər doğrudur. Referendum keçirilməsi gözlənilir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanda həyata keçirilən islahatlar daimi və ardıcıl xarakter daşıyır:
Hikmət Babaoğlu
“Bu, ölkəmizdə baş verən dinamik inkişaf və onun gətirdiyi yeni reallıqların yaratdığı zərurətdən irəli gəlir. 2020-ci ildə əldə etdiyimiz tarixi zəfərdən sonra istər idarəetmədə və idarəetmə institutlarında, istərsə də sosial sahədə və iqtisadiyyatda, həmçinin siyasi münasibətlər sistemində islahatların tamamilə yeni bir mərhələsinə qədəm qoyduq.
Hazırda elə bir mərhələdəyik ki, islahatların daha da dərinləşməsi tələbləri yaranır və bu istiqamətdə mühüm addımlar atılır. İşğaldan azad edilmiş ərazilərimizdə idarəetmədə yeni institusional islahatın həyata keçirilməsi, iqtisadi zonalar üzrə Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi təcrübəsi göstərdi ki, yeni forma daha təkmil və səmərəlidir.
Qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə böyük qayıdışın baş tutması, yolların, körpülərin, kommunikasiyaların, enerji təchizatının yaradılması işləri şübhəsiz ki, Azərbaycan Prezidenti tərəfindən tətbiq edilən yeni idarəetmə formasının uğurları ilə əlaqədardır. Əgər bu prosesdə qanunvericilikdə, yaxud yerli icra hakimiyyəti orqanlarının yenidən təşkilində dəyişiklik etmək zərurəti yaranacaqsa, şübhəsiz ki, bu da həyata keçirilə bilər. Çünki məqsəd ölkəmizin inkişafı və xalqımızın daha çox rifaha qovuşmasıdır”.
Turan Rzayev
Globalinfo.az














