Referendum məsələsi gündəmdən çıxdı? – Ekspert detalları açıqladı

Azərbaycanda yaxın aylardan növbədənkənar parlament seçkiləri keçiriləcək. Bununla bağlı siyasi qərar verilib. Milli Məclisin buraxılması ilə bağlı YAP-dan olan deputatlar Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətə bitərəf və müxalif millət vəkilləri də qoşulub.

Hazırda məsələ ilə bağlı müzakirələr getdikcə qızışır. Müzakirələrin əsas predmeti isə Milli Məclisdə hansı yeniliklərin olacağıdır. Bəzi ekspertlər iddia edir ki, əhali sayı artdığı üçün deputat sayları da artmalıdır. Qanunvericiliyə görə isə bu məsələ referendumla həll edilməlidir.

Referendum məsələsi gündəm çıxdı? Yoxsa, parlament seçkilərindən sonra keçirilə bilər?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, referendum xalq iradəsi lazım gələn məsələlərdə keçirilir:

“Bu yanaşma doğrudur. Ölkə əhalisinin sayı artıb və bu, əhalini təmsil edən deputatların sayına da təsir edir. Yəni deputat sayının artırılması lazımdır.

Növbədənkənar parlament seçkilərinə bir neçə halda qərar verilir. Məsələn, yeni dövrün şərtlərinə uyğun yeni parlamentə ehtiyac yarandıqda. Parlamentin tərkibində yeni simalara, yeni düşüncəyə sahib şəxslərə ehtiyac var. İşğaldan azad edilən əraziləri təmsil edəcək deputatlar isə xüsusi şəxslər olmalıdır.

Say tərkibinin artması referendumla müəyyən edildiyi üçün belə bir referendum keçirilə bilər. Lakin bütün hallarda bunun olacağına dair konkret bir xəbər yoxdur. Bu tipli strateji qərarların verilməsi müzakirələr və məsləhətləşmələr tələb edir.

Hesab edirəm, yaxın müddətdə olmasa da növbəti dönəm üçün deputatların say tərkibinin artırılmasına dair referendum keçirilə bilər. Qarşıdan COP29 gəlir və nəzərə almaq lazımdır ki, dövlətin əsas diqqəti məhz bu mühüm tədbirə yönəlib. Ona görə də bəzi məsələlərdə tələsmək doğru deyil”.

Turan Rzayev
Globalinfo.az