Rasim Balayevi “qətl” edən dəstə Akif İslamzadəyə “ölüm hökmü” çıxarmadı – SƏBƏB

Xalq artisti Rasim Balayev ətrafında qalmaqalı səngimir. Yubileyi ilə bağlı “İstiqlal” ordeni ilə təltif olunduqdan sonra adamı rəsmən terror edirlər. Nə var ki, Prezident İlham Əliyevi Babəkə bənzədib. Deyib, “əsl Babək sizsiniz, Qarabağı azad etdiniz, mən onun obrazını yaratmışam”.

Bundan sonra Əli Kərimlinin rəhbərlik etdiyi mənəvi terror dəstəsi, xaricdə mənzillənən, ölkədə veyllənən bəzi düşüncə killerləri, söyüş “boevik”ləri aktyora qarşı kütləvi hücuma keçdilər. Onu satqınlıqda, yaltaqlıqda, ziyalıya yaraşmayan hərəkətə yol verməkdə suçladılar.

Ötən yazıda da qeyd eləmişdik, burda əsas hədəf Rasim Balayev deyil. Prezident İlham Əliyev və Azərbaycan dövlətidir. Rasim Balayev kimi nüfuzlu adamın ölkə başçısı barədə belə bir xoş sözlər söyləməsi bu mənəviyyat qatillərini hərəkətə gətirib. Ziyalıların gözünü qorxudurlar, onları dövlətdən uzaq salmağa çalışırlar. Öz aləmlərində dərs verirlər.

Azərbaycan hazırda çox ciddi geopolitik proseslərin içində yer alır. Qarabağda baş verənlər, Qərbdən üzərimizə yönəldilən məlum təzyiqlər fonunda bir aktyorun ölkə başçısı haqda dediklərini bu qədər şişirdib gündəmi dəyişmək cəhdi ölkənin mənafeyi baxımdan yolverilməzdir. R.Balayevi suçlayan, söyən, söydürən bu dəstə və onun rəhbəri son proseslər haqda bir kəlmə danışmır, bir cümlə yazmırlar. Nə Qarabağda separatçıların təxribatlarını pisləyirlər, nə sülhməramlıların erməniləri silahlandırmasını yamanlayırlar. Qərbin ermənilərin haqsız mövqeyini müdafiə edən bəyanatları haqda da söz açmırlar.

Volt şirkətinin kuryerinin hüquqlarının müdafiəsi üçün isə səfərbər olunublar. Əli Kərimli və onun terror qrupu üçün polisin iki kuryeri təqib etməsi daha vacibdir, nəinki Qarabağda separatçıların Azərbaycan əleyhinə fəaliyyəti.

“Vaşinqton Post”da dərc edilən yazı haqda bir kəlmə danışmayanlar Rasim Balayevin bir kəlməsini günlərdir müzakirə edirlər.

Sən necə demokratsan ki, hər kəsi özün kimi düşünməyə məcbur qoymağa çalışırsan?! Müqavimət göstərənləri isə söydürürsən, təhqir etdirirsən. İlham Əliyevi tərifləmək olmaz? Onun ünvanına xoş sözlər izhar etmək nə zamandan dəyərlərin ayaqlanması sayılıb? Bunu edənləri mənəvi terrorun tırtılları altına atmaq necə, olarmı? Axı demokratiyanın təməl prinsipləri düşüncə, rəftar fərqliliyi, söz azadlığıdır. İnsanları düşüncəsinə, sözünə görə təqibə məruz qoymaq ən böyük diktatorluqdur. Bu adamların əllərində səlahiyyət olsa, Rasim Balayevi Azadlıq meydanında dar ağacından asarlar. Bu baxımdan hörmətli aktyorumuz çox şanslıdır…

Akif İslamzadəyə də ali dövlət mükafatı verildi. Mədəniyyət naziri Adil Kərimli müğənni ilə görüşdü, 75 illik yubileyi münasibəti ilə ona təbrikini çatdırdı, foto çəkdirdi. Bir gün sonra isə Prezident İlham Əliyevin sərəncamı ilə Akif İslamzadə “Şöhrət” ordeninə layiq görüldü. O, Azərtac-a video açıqlama verərək ölkə başçısının ünvanına xeyli xoş sözlər söylədi. Ona təşəkkürünü bildirdi. Dedi, bu mükafatı prezidentin əlindən almaq istəyər.

Akif İslamzadə AXCP üzvü olub. Uzun illər partiyanın Rəyasət Heyətində təmsil olunub. Bəlkə indi də AXCP üzvü kimi qalır, amma aktiv siyasi fəaliyyəti yoxdur. Akif bəy Əli Kərimlinin tərəfdarı kimi tanınıb. Elçibəyin sağlığında AXCP “islahatçılar” qanadının üzvü olduğu əksəriyyətin yadındadır. Mərhum Əbülfəz Elçibəylə yaxın dostluqları var idi. Bu cür siyasi keçmişi, AXCP kimliyi olan bir tanınan şəxsin “Şöhrət” ordeni almasına nə Əli Kərimli, nə Sevinc Osmanqızı, nə də onların mətbu və siyasi İŞİD dəstəsi mövqe bildirmir. Ömrü boyu müxalifətdə təmsil olunmayan, hər zaman Heydər Əliyevin qayğısını, diqqətini görən, hazırda da İlham Əliyev tərəfindən mükafatlandırılan Rasim Balayevi isə 7/24 mənəvi-psixoloji işgəncəyə məruz qoyurlar.

Akif İslamzadənin söyülməsini, təhqir edilməsini, mənəvi işgəncələrə məruz qalmasını əsla istəmirik. Demirik ki, R.Balayevə qarşı edilən bu yaramazlıqlar A.İslamzadəyə də tətbiq olunsun. Sadəcə deyirik, belə prinsipialsınızsa, cəmiyyətin qayğısına qalansınızsa, dəyərlərin keşiyini çəkənsinizsə o zaman Akif İslamzadə barəsində də danışın, onu da tənqid edin. Rasim Balayevi “qətlə yetirdiniz”, Akif İslamzadə haqda da “ölüm hökmü” çıxarın.

Cəsarətiniz çatmaz Akifə söz deməyə. Çünki sizi yaxşı tanıyır, barənizdə də çox şeylər bilir. Elə cavab verər, tısbağa kimi arxası üstə çevrilərsiniz, bir daha qalxmağa imkanınız olmaz.

Əli Kərimli indiyə kimi nə Asim Mollazadə, nə Qulamhüseyn Əlibəyli barəsində bir kəlmə danışmayıb. Çevrəsindəki adamlara da icazə verməyib bu iki şəxsi hədəfə çıxarsınlar. Biri (A.Mollazadə) AXCP sədrinin müavini olub, digəri (Q.Əlibəyli) AXCP Ali Məclisinin sədri vəzifəsini tutub. Əli Kərimli hiyləgərdir, yaxşı bilir kimə ilişmək lazımdır, kimlərin üzərindən mənəviyyat deklamasiyaları söyləmək mümkündür…

Azər Ayxan
Globalinfo.az