Kod adı “Babək”: Məşhur aktyora qarşı terrorun şok məqsədləri – Əsl hədəf başqadır

 

Rasim Balayevlə bağlı bu kampaniya siyasidir. Cəmiyyətin dəyərli üzvlərini, brendləşmiş simalarını belə gözdən salırlar. Bu, ölkəyə, millətə qarşı sui-qəsd planıdır. Ümidsizlik yaratmaq və özlərini hər şeyin, hər kəsin və bütün proseslərin fövqündə təqdim etmək – təşkilatçıların məqsədi  budur. Bununla da xilaskar olduqlarını şüurlara yeritməyə çalışırlar. “Bütün dərdlərin dərmanı bizdədir” mesajını verirlər.

Azərbaycan siyasətinin toksik tullantıları ictimai-siyasi mühiti çoxdan zəhərləyiblər. Mənəvi mühiti şüalanmaya məruz qoyublar. İctimai atmosferə hər gün zəhər, çirk buraxırlar. Kin, irin qusurlar. Bütün dəyərləri darmadağın edirlər. Yaxşı adına nə var, viran qoymağa çalışırlar. Çəyirtkə sürülərinin, ziyanvericilərin çalışma yöntəmlərini mənimsəyiblər. Necə ki çəyirtkələr sürü halında taxıl zəmilərinə daraşırlar, insanların ruzisini qırıb-tökürlər, aclıq yaradırlar, təhlükələrə səbəb olurlar, bunlar da eyni sistemlə çalışırlar. Mənəviyyat zəmilərinin canına daraşıblar.

Bunların hədəflərinə tuş gələn adamları abırdan salmayana kimi ondan əl çəkmirlər. Kimsə bunlara müqavimət göstərirsə, kütləvi şəkildə ona hücum çəkirlər. Psixoloji, mənəvi terrora məruz qoyub, neytrallaşdırmaq, gözüqıpıq etmək istəyirlər. Təəssüf ki, bəzən məqsədlərinə çatırlar.

Bu dəstənin başında kim dayanır, hər kəs yaxşı bilir. Onları kim yönləndirir, əksəriyyətə məlumdur. Bu qədər sosial şəbəkə terrorçusunu yetişdirib cəmiyyətin canına daraşdıran barədə zaman-zaman yazılıb, deyilib.

AXCP sədri Əli Kərimli 2011-ci ildən başlayaraq sosial şəbəkədə təşkilatlandı. “Ərəb baharı”ndan sonra sosial şəbəkələrdə səngərlər qazdı, barrikadalar qurdu. Ona elə gəlirdi ki, ərəb ölkələrində olduğu kimi, Azərbaycanda da Feysbuk platformasında təşkilatlansa, inqilaba nail olacaq, ardından kütlələrin çiyinlərdə iqtidara gələcək. Gəldi gəlməyinə – amma pisliyin, yamanlığın iqtidarı oldu. Bu işi ondan gözəl kim bacarar ki…

Avqustun 8-də aktyor Rasim Balayevin ad günü idi. 75 yaşı tamam oldu. Prezident İlham Əliyev onunla görüşdü. Sənətkara xoş sözlərini çatdırdı. Oynadığı obrazlardan bir neçəsini sadaladı. R.Balayevə “İstiqlal” ordenini öz əlləri ilə təqdim etdi.

Rasim Balayev də Prezidentə təşəkkürünü çatdırdı. Onu tarixi qəhrəmanımız Babəklə müqayisə etdi. Sitatı olduğu kimi verirəm:

“Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq”.

Məsələnin “sirri” bu cümlələrdədir. Rasim Balayev cəmiyyət tərəfdən sevilir, qəbul edilir. Nüfuzu var. Müsbət imicə sahibdir. Belə bir adamı necə “sağ” buraxmaq olar?! Əli Kərimlinin zombiləri dərhal bir işarə ilə töküldülər aktyorun üstünə. “Sən niyə belə sözlər dedin?!” Bunların “məntiqinə” görə, R.Balayev o görüşdə deməli idi ki, əsl Babək Əli Kərimlidir. Xəstəlik bu qədər irəliləyib həmin adamlarda. Təhlükəlidir. Həm də çox təhlükəli.

Bunlara ikinci Rüstəm İbrahimbəyov lazımdır. Mərhum kinodramaturqun dadı bu yamyamların damağında qalır hələ də.

Əslində, burada hədəf Prezident İlham Əliyev və Azərbaycan dövlətidir. Rasim Balayevin üzərindən ölkə başçısına qarşı qara PR kampaniyası təşkil edilir. Onun sevilməsi, bu gün və gələcək üçün qalib obrazı bu dəstəni və dəstəbaşını narahat edir.

Hər ötən gün əleyhlərinə işləyir. Qarabağ işğaldan azad edilib, şəhərlər, kəndlər sürətlə bərpa olunur, insanlar dədə-baba torpaqlarına qayıdırlar. Zəngəzur dəhlizi açılsa, Xankəndi məsələsi həllini tapsa, böyük bir dövr qapanır. Paralel olaraq bunların da dövrü qapanır. Birdəfəlik bitirlər.

Azərbaycanın gələcəyinə düşən işıq bunların gözünü tökür. Dəli olurlar. Ona görə də bütün bu pozitiv proseslərin başında dayanan şəxsi, qələbənin baş memarını – İlham Əliyevi hər fütsətdə gözdən salmağa çalışırlar, onu hədəf seçirlər. Bu fəaliyyətlərində şeytanla belə əməkdaşlığa getməyə hazırdırlar.

Lənət şeytana…

Azər Ayxan
Globalinfo.az