Rasim Balayev “Dədə Qorqud”dan danışdı: “Ermənilər…”

Qazaxıstanda Dədə Qorqudla bağlı serial çəkilməsi sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Bununla yanaşı, “Tomris” bədii filminin ekranlaşdırılması da xatırladılıb və bildirilib ki, sözügedən tarixi şəxsiyyətlər haqqında Azərbaycanda da ekran işlərinin ərsəyə gəlməsi daha məqsədəuyğun olar.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Xalq artisti Rasim Balayev deyib ki, “Dədə Qorqud” filmi ilk dəfə 1975-ci ildə Azərbaycanda çəkilib:

“Bütün türkdilli ölkələr arasında bunu ilk azərbaycanlılar edib. Bundan əlavə, Dədə Qorqudla bağlı televiziya tamaşası da ortaya qoyuldu. “Dədə Qorqud” filmində Beyrək obrazında idim, televiziya tamaşasında isə elə Dədə Qorqudu oynayırdım. Həmin teleserialı Ramiz Həsənoğlu çəkmişdi. Ondan sonra məlum səbəblərdən nəinki “Dədə Qorqud”, heç müasir filmlər də çəkilmədi”.

Xalq artisti deyib ki, tarixi film çəkmək üçün həm rejissor, həm də yaxşı vəsait lazımdır:

“Qazaxların belə bir teleserial çəkməsində qəbahət yoxdur. Çünki onlar da türkdilli xalqdır. Dədə Qorqud Azərbaycana və ya Qazaxıstana məxsus deyil, bütün Türk dünyasının dastanıdır. Məsələn, Türkmənistan və bir neçə dövlət dedi ki, İmadəddin Nəsimi onlarındır, İran isə bu günə qədər Nizami Gəncəvinin fars olduğunu iddia edir. Biz sevinək ki, Dədə Qorquda aid teleserialı qazaxlar, türkdilli qardaşlarımız çəkib. Şükür edək ki, ermənilər oğurlayıb özəlləşdirməyiblər (gülür). Qorxuram, bundan sonra ermənilər belə bir iddia irəli sürərlər”.

Zaira Akifqızı
Globalinfo.az