Paşinyan etiraf etmir: dağıdıcı müharibə riski var – Surenyants

“Biz indi 2020-ci ildəkindən qat-qat pis vəziyyətdəyik. Bütün bunlar Nikol Paşinyanın düşünülməmiş avantürist siyasətinin nəticəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O bildirib ki, Paşinyanın Azərbaycanla üz-üzə gəlmək üçün nə resursları, nə də istəyi var:

“Ermənistan tərəfi 44 günlük müharibədə məğlub olduqdan sonra noyabrın 9-da imzalanan üçtərəfli bəyanata daha qətiyyətlə əməl etməli idi. Çünki bu sənəd regionda sülhə aparan yeganə real yoldur. Bu sənədin müddəaları əsasında mövcud riskləri idarə etməyə çalışmaq vacib idi. Lakin Paşinyanın komandası bunun tam əksini etdi. Hakimiyyət danışıqlar prosesini başqa formata keçirməklə üçtərəfli bəyanatın formalaşdırdığı status-kvonu dəyişməyə çalışdı. İrəvanın bu hərəkətləri onun əleyhinə oynadı”.

“Ermənistan hakimiyyəti inadla real vəziyyəti öz vətəndaşlarından gizlətməkdə davam edir. Bunun bir izahı var. Paşinyan sülh gündəminin iflasa uğradığını etiraf edə bilmir. Nəticə isə yeni dağıdıcı müharibə təhlükəsidir”, – deyə erməni politoloq vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az