Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.
Globalinfo.az xəbər verir ki, mərhum Yasamaladakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.
***14:49
Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.
Globalinfo.az xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.
Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaladakı “Qurd qapısı” qəbiristanlığına aparılır.
Xalq artisti Hacı İsmayılov jurnaslitlərə açıqlamsında bildirib ki, R.Novruzun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün böyük itkidir: “Ramiz çox böyük yaradıcılıq yolu keçib, tamaşaları xalqın sevincini qazanıb. Bu isə hər bir sənətkara, artistə müvəffəq olmur. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.
Əməkdar artist Dilarə Əliyeva aktyorun xəstələndikdən sonra hamı ilə əlaqəni kəsdiyini deyib: “Çox zarafatcıl insan idi. Təəssüf ki onun kimi bir insanı itirdik, Ramiz bəy mənim yadımda zarafatları, gülər üzü ilə qalacaq”.
***12:42
Xalq artisti Ramiz Novruz Yasamalda, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Globalinfo.az bildirir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Xalq artisti bu gün 15:00-da dəfn ediləcək.
***10:32
Ötən gün vəfat edən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.
Globalinfo.az xəbər verir ki, daha sonra sənətkarla Azərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.














