Ramiz Mehdiyev seçkiyə gedir: Tərəfdarlarına göstəriş verib – İşarəni bu ölkədən gözləyin

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri Azərbaycan tarixinin ən rahat və maraqsız seçkisi kimi dəyərləndirilir. Bunu şərtləndirən amillər kifayət qədərdir.

2020-ci ildəki seçkilərlə müqayisədə bu dəfə həqiqətən səs-küy, həyəcan yoxdur. İddialı namizədlərin əksəri prosesdən kənarda qalıb – istəyərək, ya da istəməyərək. Hər dəfə seçkiyə qoşulmuş, müəyyən nəticə əldə etmiş məşhur simalar bunu müxtəlif arqumentlərlə izah etməyə çalışırlar. Seçkilərin baş rol ifaçıları sayılan müxalif və müstəqil siyasətçilər, jurnalistlər, politoloqlar 1 sentyabr seçkisinə maraq göstərmədilər. Reallıq onları bu addımları atmağa vadar edir. Ona görə də hər kəs yorğanına bu reallığa görə bürünür.

İmkanlı namizədlərlə eyni dairədə toqquşub, onlardan bəlli məbləğdə pul qoparan, bunu hər 5 ildən bir ayin kimi icra edən, biznesə çevirən namizədlər də ortada yoxdurlar. Onlar da vəziyyəti real dəyərləndirmək zorunda qalıblar. Bilirlər ki, bu cür şantaj variantları artıq işə yaramır.

Hər seçkidə klanların toqquşmasını da görmüşük. Seçki prosesi daha böyük qüvvələr, maraq çevrələri arasında yaşanır. Bu da normaldır və bütün ölkələrdə rast gəlinən təcrübədir. Müxalifətçilərin, blogerlərin, jurnalistlərin, sosial şəbəkə fenomenlərinin iştirakı gedişatın üzdə olan hissəsidir. Alt qatda isə iri qruplaşmaların, klanların amansız mübarizəsi gedir. Necə deyərlər, “suyun üstündən yarpaqlar axır, altından balıqlar üzür”. Bizim “balıqlar” – klanlar bu dəfə gözə dəymir?

Onlar da artıq əllərini-ətəklərini çəkiblər?

Bu, üzdə belə görünür. Amma prosesə bir az diqqət yetirdikdə başqa mənzərə ilə üzləşirik.

Elton Məmmədov hadisəsi seçki mübhəmini xeyli açdı. Hər kəs düşünürdü ki, sabiq deputatın seçki yarışına qatılması razılaşdırılmış ola bilər. Çünki Elton Məmmədov təcrübəli adamdır. Yəqin, ağlı, məntiqi də yerindədir. Dərin savad, üst səviyyə intellekt, siyasi biliklər – bunlar ona o qədər lazım deyil. Adam siyasət qazanının içində qaynayıb və yetişib. Qardaşı Ziya Məmmədov 15 il nazir vəzifəsi tutub. Özü bir neçə çağırış Milli Məclis üzvü olub. Reallığa, şərtlərə bələddir. Adam “mina xəritələrini” əzbər bilir. Yanlış addımın ona baha başa gələcəyindən də xəbərdardır. Bu səbəbdən mediada “Elton Məmmədov seçkiyə qatıldı” başlığı “vauuu” reaksiyası doğurmadı.

Amma bir məsələdə tərəddüd yaratdı: E.Məmmədovun YAP-dan olan rəqibi Ramil Həsən sıradan biri deyil. VI çağırış Milli Məclisin fəal deputatlarından olub. Savadlı, intellektual biridir. YAP-ın siyahısına düşməyi bacarıbsa, demək, yenidən deputat olmaq şansı var. Bu faktor Elton Məmmədovun seçkiyə YAP-la razılaşıb qatıldığını müəyyən qədər şübhə altına alırdı.

İyulun 24-də günün ikinci yarısında yayılan xəbər hər şeyi gün işığına çıxardı. Sən demə, Elton Məmmədov seçkiyə inadına qatılıb. Ona siyasi hakimiyyətin dəstək vermədiyi aydınlaşdı. Elton Məmmədovun namizədliyi saxtakarlıq üzündən ləğv edildi. MSK-dan bildirildi ki, E.Məmmədov əmlakının siyahısını tam göstərməyib, üstəlik, topladığı imzaların içində saxta olanlar var.

Sabiq deputat Globalinfo.az-a açıqlama verib, saxtakarlıq etmədiyini deyib. MSK-nı yanlış məlumat yaymaqda ittiham edib. Üstəlik, Məzahir Pənahovu saxtakarlıqda suçlayıb. Amma artıq gec idi. Məmmədovlar klanının ağsaqqal üzvü “özünü yandırmışdı…”

Elton Məmmədov Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır. Onlar eyni klan sayılırlar. R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olanda E.Məmmədovu qurumun Yüksək Texnologiyalar Parkının direktoru təyin etmişdi. Sonradan yeni prezident İsa Həbibbəyli onu AMEA İşlər İdarəsinin müdiri təyin etdi. Deyəsən, hələ o vəzifədədir.

VI çağırış Milli Məclis heyətində Mehdiyev qruplaşmasının üzvü olan deputatların olduğu haqda indiyə kimi çox yazılıb. Deyilənə görə, onlardan biri də elə İsa Həbibəylidir. YAP-ın seçki siyahısından kənarda qalan bəzi sabiq deputatların da buna görə cəzalandırıldığı iddiaları dolaşır. Zarafat deyil, R.Mehdiyev 25 il yüksək vəzifə tutub. Bütün seçkiləri idarə edib. Yüzlərlə adamı müxtəlif vəzifələrə yerləşdirib. Onun yaxından dəstəyi ilə nə qədər adam deputat olub. R.Mehdiyevin AMEA-dan biabırçı şəkildə uzaqlaşdırılmasından sonra cazibədarlığı, güvənliliyi itdi, xarizması, zəhmi əridi. Amma görünür, hələ də R.Mehdiyevin təsir dairəsində olan şəxslər var. Eynilə Elton Məmmədov kimi… Bu şəxslər son çırpıntılarını yaşamaqdadırlar. Mehdiyev qruplaşması final revanşlarını oynamaqdadır.

E.Məmmədovun seçkiyə belə ürəklə qatılmasını ABŞ-da prezident seçkisinə bağlayanlar da var. İddialara görə, Donald Trampın prezidentlik şansları artdıqca ona vaxtilə yaxın olan Məmmədovlar klanı ürəklənir. Elton Məmmədovun timsalında bu cür yoxlama həmlələri edirlər.

Azadlıq Radiosunun son iki həftədə ard-arda yayımladığı Ziya və Anar Məmmədovların korrupsiya əməlləri, SEPAH-a bağlılıqları haqda araşdırma məqalələrini də ABŞ-dakı prezident seçkilərinə bağlayanlar var.

Bəzən üzdə bəsit və epizodik görünən hansısa hadisə böyük geopolitik məqamlarla zəngin olur…

Bəlkə, Ramiz Mehdiyevi və ətrafını həvəsləndirən bu amildir. Bu cür adamlar üçün siyasi qibləni çevik dəyişmək problem deyil. Olmasın Moskva, olsun Vaşinqton. Bu, onlara görə belədir. Gerçəklik isə… Qatar çoxdan yola düşüb, həm də üzü qüruba…

Azər Ayxan
Globalinfo.az