Quzu ətinin bahalaşmasının səbəbi – Sabiq nazir açıqladı

2024-cü il gələr-gəlməz bəzi qida məhsullarının qiymətində artım oldu. Bunların ilk sırasında isə quzu ətinin qiyməti gəlir. Belə ki, 1 kiloqramı 16-17 manata satılan quzu ətinin qiyməti 20 manata qalxdı. Bundan başqa, digər məhsulların da qiymətində artımlar var. Maraqlıdır, hökumətin antiinflyasiya proqramı varmı?

Ümumiyyətlə, üzərimizə gələn qiymət artımı ilə bağlı nə planlaşdırılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, ət ticarəti ilə məşğul olan iş adamları son günlər bazarlarda quzu ətinin qiymətindəki artımları müxtəlif səbəblərlə izah edirlər.

Sabiq nazirin sözlərinə görə, daha çox artım çəkisi 8-10 kiloqram olan və Azərbaycanın Beyləqan, Bərdə, Ağcabədi kimi bölgələrindən Bakıya gətirilən quzu ətinin qiymətində müşahidə olunur:

Fikrət Yusifov

“Bu bölgələrdə yetişdirilən heyvanların əti öz keyfiyyəti ilə seçilir. Hesab edirəm ki, ətin qiymətlərində müşahidə olunan artımlara ilk növbədə aidiyyəti qurumların rəhbərləri və mütəxəssisləri aydınlıq gətirməlidirlər. Lakin biz hələ ki, bunu görmürük”.

F.Yusifov deyib ki, əslində, ətin qiymətində baş verən artımlara bir amil deyil, bir neçə amil təsir edə bilər:

“İlk növbədə qiymət artımları müəyyən zaman kəsiyində ətin idxalında baş verən azalmalar, yemin qiymətinin bahalanması kimi amillərlə izah oluna bilər. Bütövlükdə isə son illərdə ölkədə ətin qiymətlərində baş verən bahalaşmanın ən ciddi səbəblərindən biri, regionlarda heyvanların örüş yerlərinin əkin yerləri ilə əvəzlənməsidir. Regionlarda heyvanın örüş yerinin əkin yerlərinə çevrilməsi nəticəsində bir çox fermerlər heyvandarlıqla məşğul olmaqdan imtina etdilər. Bütün bu məqamlar aidiyyəti qurumların rəsmilərini düşündürməlidir”.

Zaira Akifqızı
Globalinfo.az