“Hazırda bizim dinc aksiyamız davam edir. Qeyri Hökumət Təşkilatları (QHT) sülhməramlılara öz iradlarını, mövqelərini bildirir və bütün gecə boyunca belə davam etmişik”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, Rusiya sülhməramlıları həm Laçın, həm də Xankəndi tərəfdə hər iki istiqamətdə müxtəlif hərbi maşınlarla yolu bağlayıblar:
“Eyni zamanda hər iki tərəfdən şlaqbaum qoyublar. Biz onların nümayəndələrinin gəlib QHT-lərə cavab verməsini tələb edirik. Görək, sülhməramlıların yerləşdiyi ərazidə azərbaycanlıların monitorinq keçirməsinə niyə imkan vermirlər?!
Bizim torpaqlarımızda ekoloji terror baş verir, resurslarımız talanırsa, necə monitorinq keçirməyək?! Biz monitorinq tələb edirik! Sülhməramlılar ancaq ermənilərin hüquqlarını qorumaq üçün gəliblər? Bəs bizim hüquqlarımız?! Ona görə də sülhməramlıların nümayəndəsinin bizim nümayəndə heyəti ilə görüşü baş tutana qədər aksiya davam edəcək. Hətta səsgücləndirici ilə də şüar və tələblərimizi səsləndiririk. Müxtəlif gərginliklər yaransa da, hələ ki heç bir insident baş verməyib”.
Mövzu ilə bağlı saytımıza danışan “Diaspor Press” informasiya mərkəzinin rəhbəri Toğrul Allahverdili isə bildirib ki, aksiyanı dayandırmağa sülhməramlıların cəsarəti, siyasi gücü çatmaz:
“Aksiyaya başlayanda da demişdik ki, “biz bura kəfənimizi geyinib gəlmişik”. Biz öz ərazimizdə, öz dövlətimizdəyik və bu aksiyanı yalnız Azərbaycan polisi dayandıra bilər. Rus sülhməramlısı kimdir ki, gəlib öz ərazimizdə aksiyamızı dağıtsın?! Əgər belə bir düşüncələri varsa, gələcəkləri varsa, görəcəkləri də var!
Burada yaşlılar, gənclər, xanımlar da iştirak edir. Bir görsəniz, onlar sülhməramlıların qarşısında necə dik dayanıblar, gözlərinin içinə baxırlar. Xalqımız bilsin ki, bu aksiyanı dayandırmağa nə bir erməninin, nə də bir sülhməramlının gücü çatar”.

Zaira Akifqızı
Globalinfo.az














