Quru sərhədləri ilə bağlı mühüm gəlişmə – Gerçəklər üzə çıxır

Son zamanlar dünya miqyasında terror hücumlarında, habelə terror təşkilatlarında aktivlik müşahidə edilir. Xüsusilə Yaxın Şərq ölkələri, Türkiyə, İran və son olaraq Rusiyada baş verən terror olayları regional və beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir.

“Krokus Siti Holl” teraktı Rusiya kimi ölkəmizdə də ciddi rezonans doğurur. Qonşu ölkələrdə ardıcıl terror hücumları baş verdiyi halda ölkəmizdə sabitlik hökm sürür. Bəzi ekspertlər qeyd edir ki, Azərbaycanda sabitliyin bir səbəbi də pandemiya ilə əlaqədar quru sərhədlərin bağlı olmasıdır.

Eyyub Kərimli

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İB-nin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, sərhədlərin bağlı olması iqtisadi baxımdan çətinliklər yaratsa da təhlükəsizlik baxımından effektivdir:

“Bu gün dünyada gedən siyasi proseslərə baxmaq lazımdır. Rusiya-Ukrayna müharibəsi davam edir, Yaxın Şərqdə qeyri-sabitlikdir, Rusiyada terakt baş verir. Əslində bu hadisə regionda son zamanlar baş verən sil-silə teraktların bir parçasıdır. Lakin xoşbəxtlikdən ölkəmizdə sabitlik hökm sürür.

Şübhəsiz, bu sabitliyin bir səbəbi də quru sərhədlərin bağlı olmasıdır. Məhz buna görə ölkənin təhlükəsizliyinin qorunması daha effektiv təmin edilir. Əlbəttə, iqtisadi geriləmədə fəsadlar var. Bu da təbiidir. Amma unutmaq olmaz ki, əmin-amanlıq, sülh, sabitlik bundan daha vacibdir.

Ümumiyyətlə iqtisadi inkişaf artımdan, sabitlikdən asılıdır. Ölkəyə investisiya qoyulması, habelə sahibkarlığın inkişafı kimi məsələlər birbaşa sabitliyə bağlıdır. Sərhədlər açıq olsa, ölkədə sabitlik olmasa idi, iqtisadi geriləmə daha çox olardı. Buna görə görülən tədbirlər zəruri və vacibdir.

Son hadisələr bir daha göstərir ki, sərhədlərin bağlı qalması məqsədəuyğundur. Sözsüz ki, iqtisadi itkilər bərpa edilə bilər. Ümumiyyətlə, iqtisadi itkilərimiz çox deyil. Amma sabitlik bir dəfə pozulsa, bunun bərpası təəssüf ki, o qədər də asan olmayacaq”.

Elman Nəsirov

Deputat Elman Nəsirov isə deyib ki, bu gün dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir:

“Eyni zamanda bu gün dünyamız heç bir zaman olmadığı qədər təhlükəlidir. Məşhur bir deyimdə də deyildiyi kimi “təhlükənin olduğunu hiss etməmək ən böyük təhlükədir”.

Bu gün Ukrayna cəbhəsində Rusiya ilə kollektiv Qərbin müharibəsi gedir. Özü də bu müharibə miqyasına görə çox böyükdür. Qlobal güclər faktiki olaraq toqquşur. Qlobal güclərin toqquşması terror təşkilatlarını aktivləşdirir. İŞİD və digər terror təşkilatları mövcud reallıqlardan çox razıdır. Terror təşkilatları faktiki olaraq böyük güclərin əlaltısına çevrilir.

Bu gün qonşu ölkələrdə dəhşətli terror hücumlarının şahidi oluruq. Rusiyada, ondan öncə İranda və Türkiyədə terror hadisələri oldu. Belə bir zamanda ölkəmizdə sabitlik hökm sürür. Əlbəttə ki, bunun təməlində birdən çox faktor var. Misal üçün, ölkəmizdə vətəndaş-hakimiyyət, xalq-prezident birliyi var. Siyasi sabitlik isə öz növbəsində ölkədə digər sahələrdə sabitliyi yaradır.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, bu gün ölkədə sabitliyin bir səbəbi də dövlət sərhədlərinin bağlı olması ilə bağlıdır. Vaxtilə bu qərarı tənqid edənlər, qarşı çıxanlar da bu gün görür ki, əslində səbəbi var. Yəni heç bir qərar səbəbsiz verilmir. Hər şeyin bir izahı, səbəbi var. Azərbaycan Prezidenti üçün vətəndaşların təhlükəsizliyi hər şeydən önəmlidir”.

Turan Rzayev 

Globalinfo.az