Quru sərhədlər nə vaxt açılır? – Kritik gəlişmə

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilərkən toxunduğu məsələlər arasında sərhədlərin daha yaxşı qorunması da öz əksini tapdı.

“Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq”, Prezident bildirib.

Prezidentin bu çıxışından quru sərhədlərin hələ bir müddət də bağlı qalacağı qənaətinə gəlmək olarmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, sərhədlərimizin daha ciddi qorunması xaricdən gələn hərbi, siyasi və ideoloji təhdidlərlə bağlıdır:

“Azərbaycan həm üzdə olan, həm də görünməyən, maskalanmış düşmənlərlə üz-üzədir və onlar öz məkrli siyasətləri ilə ölkəmizə arxadan zərbə vurmağa hazırdırlar. Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bizə qarşı dayananların fəaliyyəti geniş miqyas alıb. Məhz bu baxımdan sərhədlərimizin qorunması prioritet məsələ kimi qoyuldu.

Təbii ki, Prezidentin andiçmə mərasimindəki çıxışında səslənən bu vəzifə ilk növbədə qonşularımızla aramızda olan və sərhədçilərimiz tərəfindən qorunan hissələrə aiddir. Düşmənin bu sərhədlərdə Azərbaycana qarşı gizli yolla təxribatlar törətmək imkanlarının qarşısı alınmalıdır. Bu sahədə son dövrlərdə ciddi nailiyyətlər əldə etmişik və hər keçən gün sərhədlərimiz daha sayıq qorunur”.

Politoloq qeyd edib ki, quru sərhədlərimizin açılması ölkə rəhbərliyinin diqqətindədir:

“Bu istiqamətdə müzakirələr aparılır. Lakin Azərbaycanı təhdid edən qüvvələr sərhədlərin açılması ilə daha da fəallaşaraq təhlükəsizliyimizə təhdid yaradacaqlarsa, təbii ki, buna göz yummaq olmaz.

Düşünürəm ki, epidemiya təhlükəsi tam aradan qalxdıqdan və ətrafımızda baş verən xaos, müharibələr səngidikdən sonra quru sərhədlərimiz açıqlacaq”.

Safura Bənnayeva
Globalinfo.az