Qurban Qurbanovun sirri ortaya çıxdı – “Qarabağ”la bağlı deyilməyənlər…

Qurban Qurbanovun sirri ortaya çıxdı - "Qarabağ"la bağlı deyilməyənlər...

Azərbaycanda futbolla bağlı fikirlər birmənalı deyil. Bu istiqamətdə əsasən tənqidlər səsləndirilir. Lakin “Qarabağ” klubunun ardıcıl uğurları, tarixi qələbələrə imza atması məsələni yenidən aktuallaşdırıb. Artıq bu yöndə düşüncələrin dəyişdiyini də deyə bilərik. Bildirilir ki, sözügedən klubumuz peşəkar idarəçilik, düzgün qurulan sistem və ardıcıl iş prinsipi ilə ölkədə hələ də futbolun “ölmədiyini” göstərib.

Qarabağ” bu uğuru necə əldə edə bilib?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, “Qarabağ”ın uğurunun əsas səbəbi düzgün sistem və peşəkarlıqdır.

O, Azərbaycan futbolunun çox qədim və zəngin tarixi olduğunu vurğulayıb:

“Artıq 100 ildən çoxdur ki, ölkəmizdə futbol oynanılır. XIX əsrin sonlarından etibarən bu idman növü Azərbaycanda ənənəyə çevrilib. SSRİ dövründə də, müstəqillik illərində də futbol geniş yayılıb, amma əsas problem bir sistemin olmaması idi. Bu səbəbdən, Qarabağ istisna olmaqla, klublarımız beynəlxalq arenada sabit uğur göstərə bilməyiblər. 2012-ci ildə “Neftçi” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ardınca “Qəbələ” iki dəfə eyni uğura imza atdı. Lakin sistemsizlik və qeyri-peşəkarlığa görə bu nəticələrin davamlılığı təmin olunmadı. “Qarabağ”ın fərqi məhz burada üzə çıxır”.

Qurban Qurbanovun sirri ortaya çıxdı - "Qarabağ"la bağlı deyilməyənlər...

Kənan Məstəliyev

K.Məstəliyevin fikrincə, “Qarabağ” klubunun iş sistemi də qaydasındadır:

“Yəni məşqçi, direktor öz vəzifəsini icra edir, inzibatçılar və rəhbərlik işini görür, futbolçular isə yalnız oyuna köklənirlər. Heç kim başqasına qarışmır, komanda daxilində inam və etibar var. Bu, həm peşəkarlıq, həm də komanda ruhu formalaşdırır.Qarabağ”ın yolu asan olmayıb. Böyük uğurlarla yanaşı, ağır məğlubiyyətlər də yaşanıb. Amma heç vaxt ruhdan düşməyiblər. Məğlubiyyətlər zamanı bir-birini günahlandırmaq əvəzinə, səhvlərdən nəticə çıxarıblar. Məsələn, iki il əvvəl komanda Avropa Liqasında “Braqa” üzərində qələbə qazansa da, “Bayer Leverkusen”lə matçda hakim səhvlərinin qurbanı oldu. Sonrakı mövsümdə isə turnirdə ən sonuncu – 36-cı yeri tutaraq böyük məyusluq yaşadı. Amma bu uğursuzluq da onları ruhdan salmadı, səhvlərdən nəticə çıxardılar. “Qarabağ” sistemi qorudu və uğura doğru irəlilədi”.

Jurnalist xatırladıb ki, komanda ardıcıl olaraq “Şelburn”, “Şkendiya”, “Ferensvaroş” və ən sonda “Benfika” üzərində qələbə qazanıb:

Qarabağ“ın uğuru göstərir ki, Azərbaycan klubları üçün yol açıqdır. “Neftçi”, “Sabah”, “Zirə”, “Turan” və digər komandalarımızın da belə potensialı var. Onların maliyyə imkanları və infrastrukturu kifayət qədərdir. Sadəcə “Qarabağ” klubunun qurduğu sistemdən, peşəkarlıq təcrübəsindən yararlanmalıdırlar”.

Siyasi şərhçi Şahin Cəfərli mövzu ilə bağlı sosial şəbəkə hesabında maraqlı məqamlara toxunub:

Qurban Qurbanovun sirri ortaya çıxdı - "Qarabağ"la bağlı deyilməyənlər...

Şahin Cəfərli

“Peşəkar futboldan uzaq, çox aşağı səviyyəli milli liqası olan bir ölkədə komanda qurub, onu Çempionlar Liqasına yüksəltmək və Portuqaliyada “Benfika”nı məğlub etmək tamamilə bir nəfərin bu sahədəki istedadı, bacarığı və liderliyinin nəticəsidir. Uzunmüddətli planlaşdırma kültürünün də hələ oturuşmadığı torpaqlarda bir sistem qurmaq, ucuz qiymətə oyunçular tapıb gətirərək onlara bunu aşılamaq, ayrı-ayrı fərdlərin deyil, kollektiv ruhun önə çıxdığı, fiziki hazırlıq baxımından Avropa komandaları qarşısında əzilməyən, mental olaraq da möhkəm, intizamlı bir futbol komandası yarada bilmək Qurban Qurbanovu Azərbaycan futbolunun çərçivələrini aşan dünya səviyyəli mütəxəssisə çevirir. Məsələn, hamımızın izlədiyi Türkiyədə hazırda 3 ildir ardıcıl çempion olan Okan Buruk da daxil olmaqla, Qurbanov səviyyəsində yerli məşqçi yoxdur”.

Qeyd edək ki, Azərbaycanda futbol 1905-ci ildə ilk klubların yaranması ilə ortaya çıxıb, lakin ilk rəsmi çempionat 1911-ci ildə keçirilib. Bu səbəbdən də futbolun tarixi 1911-ci ildən hesablanır.

Zaira Akifqızı
Globalinfo.az