“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra futbolçularını təbrik edərkən Bəhlul Mustafazadə ilə görüşməməsi ilə bağlı sualı cavablandırıb.
Globalinfo.az xəbər verir ki, Teleqraf-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə açıqlama verməyə borclu olmadığını bildirib.
Bununla belə, Qurbanov təcrübəli müdafiəçi ilə bağlı problemin olmadığını söyləyib: “Problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək artıq olar. Biz Bəhlulla neçə illərdir birgə işləyirik və oyunlarımızın 90-95 faizində iştirak edirsə, görünən odur ki, heç nə yoxdur. Mənim açıqlama vermək borcum yoxdur. Problem varsa, məncə, daha çox sizlər bilirsiniz. Ona görə hər hansı açıqlama verməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, “Sabah”la 32-ci turdan 1:1-lik heç-heç edərək qızıl medallara sahib çıxan Ağdam klubunun çalışdırıcısı matçdan sonra paltardəyişmə otağında futbolçularını təbrik edib. Həmin vaxt diqqətçəkən məqam isə onun bütün futbolçularla əl verib görüşdüyü halda müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməməsi olub. Görüntülərdə B.Mustafazadənin də buna əsəbləşdiyi diqqət çəkmişdi. Baş verənlər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
