Qubad İbadoğlu əcnəbi qadına hansı “sirri” söyləyib? – Həbsdəki iqtisadçının xronikası

Qubad İbadoğlu həqiqətən də ağır durumdadır. Belə demək mümkündürsə, uzun illər göstərdiyi “səmərəli fəaliyyətin” bədəlini ödəyir. Həm burada yaşayarkən, həm də xaricdə  fəaliyyəti dövründə Azərbaycan dövləti ilə mübarizə apardı, əlindən gələn hər şeyi etdi ki, kənardan  ölkəmizə baxan istənilən kəs “yam-yam”dan başqa bir şey görməsin. Dedi ki, burada hər şey bərbaddır –  hamı oğrudur, hamı başkəsəndir, bir sözlə – “Azərbaycan cəhənnəmin göbəyidir”.

Adi bir misal, “İntelligence online” xəbər platformasının Avrasiya üzrə nümayəndəsi Alice Ponallier 2022-ci ilin avqustunda Qubad İbadoğluna Azərbaycana səfər edəcəyi ilə bağlı müraciət edərək onunla sabiq MTN şefi Eldar Mahmudovun hazırkı fəaliyyətini müzakirə etmək istədiyini bildirir. Qubad bəy də onu bu sahənin “böyük mütəxəssisi”, “dünya şöhrətli konspiroloq” Ərəstun Oruclunun üstünə göndərir ki, belə məsələləri onunla müzakirə etsə yaxşıdır. Xanımın Azərbaycana səfərinə gəldikdə isə, Q.İbadoğlu ona deyir ki, Bakıda yaşayış üçün yaxşı yer tövsiyə edə bilməz, çünki hamısı xüsusi xidmətin nəzarətindədir. Hələ ciddi xəbərdarlıq da edir: “Ehtiyatlı olun, ayıq olun”. Təsəvvür edin, xanım birinci dəfədir Azərbaycana gəlir və ölkəmiz haqqında əldə etdiyi ilk məlumat o olur ki, sanki burada hər bir adamın başının üzərində bir xüsusi xidmət nümayəndəsi dayanıb.

Alice Ponallier Azərbaycana səfərə gəlir, Müdafiə Sərgisində (ADEX) iştirak edir, razılığını bildirir, amma nə əli avtomatlı “çekist” barədə bir söz deyir, nə də şəxsinə qarşı hansısa xoşagəlməz haldan danışır. Xanımı maraqlandıran əsas məsələ Azərbaycanın hərbi potensialı, xüsusi xidmət orqanlarının fəaliyyəti kimi məsələlərdir. Ona görə də Alice Naxçıvanda Azərbaycan təhlükəsizlik xidmətləri ilə İran arasında mövcud gərginlik haqqında araşdırma apardığını bildirərək, bu mövzu haqda Q.İbadoğlu ilə danışmaq istədiyini bildirdikdə, sonuncu yenə də onu Ərəstun Orucluya yönləndirir.

Beləliklə, qısa bir dialoq onu göstərir ki, Q.İbadoğlu istənilən xaricidə Azərbaycan haqqında olduqca mənfi rəy formalaşdırır. İkincisi, o, strateji sahələrlə bağlı özü məlumat verə bilməsə də, maraqlanan şəxsləri aidiyyəti üzrə yönəldir. Daha soruşmur ki, Azərbaycanın hərbi vəziyyəti, xüsusi xidmət orqanlarının fəaliyyəti və digər bu kimi məsələlər onların nəyinə lazımdır, niyə bu  sahələrlə maraqlanırlar. İndi təsəvvür edin ki, hansısa bir xarici Qubad İbadoğludan Azərbaycan iqtisadiyyatı və iqtisadi münasibətlər haqqında soruşur. Onun təsvir edə biləcəyi dəhşət haqqında fikirləşmək belə qorxuncdur.

Sabiq Müsavat funksionerinin tərcümeyi-halından bəzi məqamlara nəzər yetirdikdə, onun niyə bu mövqedə olduğunun izahını görmək mümkündür.

 

Azərbaycandan getdikdən sonra Q.İbadoğlu ABŞ-a sığınır, Pensilvaniyada Fətullah Gülənlə görüşür və onun xeyir-duası ilə Nyu-Cersi ştatının “Rutgers” Universitetində işləməyə başlayır. Ancaq qısa müddət sonra iş yerini London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə dəyişir və həmin dövrdə Fulbrayt Təqaüd Proqramı və Milli Demokratiya İnstitutunun (NED) alimlər proqramına qoşularaq sertifikat əldə edir.

 

Aleks Qriqorevs və 2013-cü ilin martına Bakıda təşkil olunan aksiya

Qısa xatırlatma: bu həmin NED-dir ki, onun Bakıdakı təmsilçisi Aleks Qriqorevs facebook inqilabı təşkil etmək üçün qısa müddətdə 2 milyon dolları nağdlaşdırıb xərcləmişdi. Bakının “Torqovı” (Nizami-red.) küçəsində gənclərin etirazını təşkil etmişdi. “Molotov kokteylləri” də istifadə olunmaqla paytaxtda qarşıdurma yaratmaq planını gerçəkləşdirməyə çalışmışdı. Plan alınmadıqda da, buradan qaçıb getmişdi. Bundan başqa, Azərbaycandan qovulana kimi bütün Qərb təşkilatları kimi, NED də fəaliyyətini Azərbaycanda inqilab ssenarisinin gerçəkləşdirilməsi ideyası üzərində qurmuşdu. Hər bir seçkidə bu təşkilatın xüsusi fəallığı müşahidə olunurdu və siyasi müxalifətlə işbirliyi adi hala çevrilmişdi.

Bütün bunlardan sonra iddia etmək ki, NED və ya digər ABŞ təşkilatı Qubad İbadoğluna və ya digər bu kimi insanlara havayı, elmi məqsədlər üçün pul verir, sadəlövhlükdən başqa bir şey olmazdı. Qubad bəy Amerikanın hansısa dəhlizlərində Rusiyanın Fərhad Əhmədovuna alternativ bir layihə kimi ortaya qoyulan və yönəldilən insandır. Bunun müqabilində isə, təbii ki, layihələr, böyük pullar olmalıdır. Uzağa getmək lazım deyil, elə 2014-cü ildən Q.İbadoğluna Qərb təsisatları tərəfindən yönəldilən maliyyə vəsaitlərinin məlum olmuş bir qisminin həcmi çox şeyi deyir:

“Şəffaf büdcə təlimləri” – 24.297 AZN;

“Bələdiyyələrin şəffaf büdcə proqram təminatının quraşdırılması və təlimləri” – 32.815 AZN;

“65 tərəfdaş bələdiyyə proqramı təminatının quraşdırılması və təlimi” – 16.097 AZN;

“Bələdiyyələrdə şəffaf büdcə proqramının tətbiqi və büdcənin icrası üzrə koordinasiya və təlim” – 8.626 AZN;

“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün müqayisəli təşkili” – 31.550 USD;

NED təşkilatı tərəfindən ayrılmış 7.059 USD, 34.785 USD, 93120 USD məbləğində qrant layihələri və s.

Maraqlıdır ki, Q.İbadoğlunu qrant layihələri işğaldan azad edilmiş əraziləri də əhatə edir və onun rəhbərlik etdiyi “İqtisadi Tədqiqatlar Mərkəzi”nə yüksək məbləğli “Şəffaf Qarabağ” layihəsinin icrası həvalə olunur. Layihə icra edilir, hesabat hazırlanır və aidiyyəti üzrə ABŞ səfiri Li Litzenberqerə, Britaniya səfiri James Sharpa, Fransa səfiri Zacharie Grossa, Almaniya və İsveçrənin Azərbaycandakı səfirliklərinə, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykla, AMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Çaru Bistə, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevaya, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Michalkoya, İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAİD) göndərilir. Adam Azərbaycanda layihə icra edir, Azərbaycan hökumətindən başqa layihəni hamıya göndərir. Niyə? Çünki pulu onlardan alır, onların sifarişini icra edir və hesabatında da onlara sərf edən nəticə üçün “faktlar” təqdim edir. Bəs görəsən Fransanın Azərbaycandakı səfiri bu hesabatla nə edir? Təbii ki, Parisə göndərir, oradan da “Le Monde” nəşrinin səhifələrinə yönəldilir. Bu da ölkəmizə qarşı ermənilərin maraqlarına uyğun təşkil olunan qarayaxma kampaniyasının qida mənbəyi və mexanizmi.

Hamı bilir ki, Qubad İbadoğlunun qızı Jalə Bayramova ermənilərin təşkil etdiyi və müharibə əleyhinə yönəlmiş bir layihədə təmsil olunur. Əslində, bu layihə ümumi şəkildə müharibəyə qaşı hərəkat adı altında 44 günlük Vətən müharibəsində qələbə qazanmış Azərbaycana qarşı bir oyundur. Bu layihənin fəallarından da biri vaxtilə Müsavat başqanlığına, indi isə daha uzaq gedərək ölkə prezidentliyinə iddialı bir şəxsin qızıdır.

Ata və qızı arasında qısa bir dialoq münasibətlərin nə qədər qəliz olduğunu, nəzarətdən çıxdığını göstərir. Jalə Bayramova atasına yazır ki, “öz ideologiyasını, gördüyü işi vacib hesab edir və bundan peşman deyil”. Q.İbadoğlunun cavabı: “Sən mənim həyatımı məhv etməyincə sakit durmayacaqsan, sənin etdiklərin mənim indiyə qədər qazandıqlarımın üstündən xətt çəkmək, məni məhv etməyin deməkdir”.

 

 

Jalə Bayramova 

Demir ki, fəaliyyətin ölkəmizə, dövlətimizə, xalqımıza zərər gətirir, öz imicindən narahatdır. Adamın övladına sözü keçmir, gücü çatmır, üstəlik bu biabırçılığa son qoymaq niyyəti də yox. Əgər belə olmasaydı, sosial şəbəkələrdə Jaləni müdafiə etmək əvəzinə, ata kimi bir tədbir görərdi. Ən azından belə addımı 2022-ci ildə qızı “Biz sülh tələb edirik!” adlı, Azərbaycana qarşı ittihamlarla dolu bəyanatı Fuad Qəhrəmanlının qızı Sanay Yağmurla, onlarla erməni ilə, seksual azlıqları təmsil edən ünsürlərlə birgə imzalayanda atardı.

Digər tərəfdən, qızına bu nəsihəti verən ata övladının əməllərinin öz gördüyü işin başqa bir tərəfi olduğunu düşünmürmü? Necə olur, sən uzun illər öz dövlətini, xalqını aşağılamaqda, donoslar yazmaqda, əcnəbilərə Vətənini ən pis, eybəcər şəkildə təqdim etməkdə, ölkəmiz haqqında məlumat toplayanlara yardımçı olmaqda bir qəbahət görmürsən, qızının “no war”çıların yanında yer almasındanmı qayğılanırsan?

Budurmu övlada verilən tərbiyə?! Hansı ki, o, feministlərlə, seksual azlıqlara eyni ideyanı bölüşür, ermənilərlə bir masada oturub öz ölkəsini haqlı işində haqsız çıxarır. Bu “nailiyyətlərlə”mi gələcəkdə dövlətin başına keçməyi düşünürsən?

Bu gün Qubad İbadoğlunun övladından bu münasibəti görməsi təsadüf deyil. Dövlətə yaxşı vətəndaş olmayanda mütləq bunun bir ilahi cəzası verilir. Milli mənafeyi şəxsi mənafeyə qurban verdikdə bunun cəzası təkcə hüquqla verilmir. Həyat özü də ağır cəza kəsir insana.

Yaxşı mütəxəssis olmaq olar, amma öncə yaxşı insan, yaxşı vətəndaş olmaq lazımdır.

Globalinfo.az