Qriqoryanın bəyanatına sərt cavab – “Azərbaycan ordusu hərb meydanında təkbaşına döyüşüb!”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan Rusiyadan tam asılı olanda müharibə baş vermişdi.

“Müharibə biz Rusiyadan tam asılı olanda baş verdi. Rusiya gəldi, bizdən Qarabağı aldı, onu Azərbaycana qaytardı, sonra qayıtdı. Bütün reallıq budur. Mən təsdiq edirəm ki, Rusiya Qarabağı tutub. Rusiyadan icazəsiz müharibə ola bilməzdi” – deyə o bildirib.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu, Qriqoryanın sayca birinci belə absurd bəyanatı deyil:

“Ümimiyyətlə, Ermənistanda belə bir fikir hakimdir ki, guya Rusiya, hətta təşkilat olaraq KTMT İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı müdafiə edib:

“Əslində bu bəyanatlarla uzun illərdir işğalçı Ermənistanın mövcudluğunun və yalan iddialarının əsas müdafiəçisinin Rusiya olması faktı bir daha öz təsdiqini tapmış olur. Çünki ermənilər öyrəniblər ki, Rusiya hər zaman onların yerinə qərar versin, silahlandırsın və işğalı dəstəkləsin. Amma ikinci Qarabağ müharibəsi ilə bu “ənənə” də, reallıqlar da dəyişmiş oldu.

Azərbaycanın Ali Baş Komandanının uğurlu diplomatik addımları nəticəsində Rusiyanın mövqeyi neytrallaşdırıldı və Ermənistanın gözlədiyi kimi ruslar Birinci Qarabağ müharibəsindəki mövqeyini redaktə etməyə məcbur oldular. Daha doğrusu, onların arzuladığı kimi ruslar gəlib Qarabağda ermənilərin əvəzinə döyüşmədi. Ona görə də, iddia etməyə başladılar ki, “Rusiya bizimlə bərabər döyüşməyibsə, deməli, Azərbaycanı müdafiə edib”.

Nəticə etibarilə, belə bəyanatların məqsədi və arxasında dayanan səbəbləri artıq hərkəsə məlumdur. Lakin onu da unutmamaq lazımdır ki, Azərbaycan ordusu hərb meydanında təkbaşına döyüşüb və qələbənin qaydalarını diktə edən tərəf olaraq yeni reallıqlar formalaşdırıb. Ermənistan isə hələ də məğlubiyyətin səbəblərini özündə axtarmaq əvəzinə, “günahkar” obrazlar yaradaraq məsuliyyətdən qaçmağa çalışır. Bu heç bir halda sabitliyə töhfə verə bilməz”.

Turan Rzayev 

Globalinfo.az