Qriqoryanın açıqlamasında narahatedici məqam – Hansı məsələ həll edilməyib?

Ermənistan baş nazirinin müavini və ölkəsinin delimitasiya Komissiyasının sədri Mher Qriqoryan açıqlamasında deyib ki, delimitasiya ilə bağlı “xəritə”, “hüquqi sənəd” anlayışlarının müəyyənləşdirilməsi metodologiyasının razılaşdırılmasıdır.

M.Qriqoryanın sözləri onu deməyə əsas verir ki, deməli, hələ sərhədlərin hansı xəritələrlə müəyyənləşdirilməsi prinsipində razılıq yoxdur və bu barədə konsensus gələcək görüşlərdə əldə edilə bilər.

Maraqlıdır, ümumiyyətlə sərhədlərin hansı xəritə əsasında müəyyən edilməsi niyə problemdir? Proses ehtimal hansı xəritələr əsasında aparılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, sərhədlərin delimitasiya və demarkasiya məsələsi kifayət qədər uzun bir prosesdir və bu prosesin birdən çox mərhələsi var:

“Prosesin hələ metodologiyası yeni hazırlanır. Tərəflər sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməsində razılığa gəlməyib. Bu məsələdə kifayət qədər fikir ayrılıqları var.

Turab Rzayev

Lakin bütün problemlərə baxmayaraq prosesin həllində tərəflər tələsir. Çünki prosesin uzanması kənar güclərin müdaxiləsinə və ya süni gərginliklər ilə sülhü uzada bilər. Hazırda Ermənistan və Azərbaycan tərəfi prinsipial hesab edilən məsələlər ətrafında razılıq əldə edib ilkin sülhə nail olmaq istəyirlər. Bu indiki məqamda olduqca vacib bir məsələdir.

Misal üçün, Azərbaycan tərəfi Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələni yekunlaşdırıb, Ermənistandan qarant almaq istəyir. Hətta tərəflər arasında bu məsələdə bir razılıq əldə edilsə belə, sülh müqaviləsi imzalana bilər. Qalan məsələlər isə birgə komissiyanın gələcək görüşlərində mərhələli şəkildə həll edilə bilər”.

Turan Rzayev
Globalinfo.az