Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət istəyi ilə bağlı açıqlamalarını qəti şəkildə rədd edib.
Globalinfo.az-ın xəbərinə görə, Frederiksen bildirib ki, Qrenlandiya satılmır və bu mövqe əvvəldən bəri dəyişməyib.
“Əlbəttə ki, Qrenlandiya satılmır. Biz bunu ilk gündən aydın şəkildə bəyan etmişik. Bu, baş verməyəcək. Qrenlandiya da ABŞ-ın tərkibində olmaq istəmədiyini açıq şəkildə bildirib. Mən gözləyirəm ki, hər kəs krallığımızın suverenliyinə hörmətlə yanaşacaq”, – deyə o bildirib.
Baş nazir qeyd edib ki, Danimarka ilə ABŞ arasında Arktikada təhlükəsizlik məsələləri üzrə uğurlu hərbi əməkdaşlıq mövcuddur və Kopenhagen bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, hazırda bununla bağlı birgə işçi qrupları fəaliyyət göstərir.
Frederiksen vurğulayıb ki, Danimarka NATO-nun müdafiə xərclərinin ÜDM-in 5 faizi həcmində olması hədəfini böyük ölçüdə yerinə yetirir. O əlavə edib ki, alyans daxilində qarşıdurma yaratmaq əvəzinə, diqqət NATO-nun xaricindəki təhdidlərə yönəldilməlidir.
“NATO-dan kənarda kifayət qədər düşmən var. Bizə NATO daxilində düşmənçilik lazım deyil. Əgər alyans ölkələri üçün ən yaxşısını istəyiriksə, birlikdə olmalıyıq”, – deyə Baş nazir bildirib.
O, həmçinin Ankarada Tramp ilə keçirəcəyi görüşdə Qrenlandiya ilə bağlı açıqlamaları müzakirə etmək niyyətində olmadığını söyləyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Danimarkanın deyil, ABŞ-ın nəzarətində olması gərəkdiyini bildirib. Onun sözlərinə görə, Qrenlandiya ABŞ üçün strateji əhəmiyyət daşıyır.
Əliyar Xəlil