ABŞ Yaxın Şərqdə daha bir müharibəyə hazırlaşır: İran və Səudiyyə arasında savaş… – Təhlil

 

ABŞ Prezidenti Co Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı bildirib ki, “Narahat olmayın, biz İranı azad edəcəyik. İran xalqı tezliklə azad olacaq”. Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı da gecikməyib. İran Prezidenti İbrahim Rəisi Tehranda keçirilən tədbirdəki çıxış zamanı deyib: “Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, “Biz İranı azad etməyi hədəfləyirik” deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır”.

Diqqətçəkən digər bir nüans isə İran ordusunun son açıqlamasıdır.  “İran ABŞ, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı başlatdığı hibrid müharibəsinə qarşı mübarizəyə hazırdır” açıqlamada bildirilib.

Vaşinqtonun yeni planı

İranda əxlaq polisi tərəfindən həbs edilən hüquq müdafiəçisi Məhsa Əminin sentyabrın 16-da müəmmalı ölümü sonrası İranda başlanan etiraz aksiyaları hər gün bir az daha böyüyür. İranın Zahidan, Xaş, Sərəvan, Raskda, Tehran, Ekbatan, Lahican, Kərəc, Əlburz, Rəşt, Gilan və digər şəhərlərdə küçələrə çıxan narazı xalq “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!” və digər şüarlar səsləndiriblər.

Ümumiyyətlə, prosesin miqyasının genişlənməsi, nəzarətdən çıxması aksiyalara xarici qüvvələrin gec-tez dəstək olacağı ehtimallarını artırırdı. Düzdür, proses xarici qüvvələrin birbaşa istəyi ilə başlamasa da Baydenin son açıqlaması onu göstərir ki, kollektiv Qərb etiraz aksiyalarının miqyasının böyüməsində və mövcud rejimin devrilməsində maraqlıdır.

Məsələ ondadır ki, rəsmi Vaşinqton da artıq Tehranla nüvə danışıqlarının aparılmasının mənasız olduğunu anlayıb. Tərəflər arasında danışıqlar bir müddətdir dondurulub. Buna görə də ABŞ hazırkı vəziyyətdə gözləmə mövqeyindən proseslərə birbaşa müdaxilə mövqeyinə keçmək qərarına gəlib. Baydenin “Biz İranı azad etməyi hədəfləyirik” sözlərindən belə qənaətə gələ bilərik ki, Vaşinqton İrandakı etiraz aksiyalarına bütün gücü ilə dəstək verəcək. Bu isə faktiki olaraq aksiyaların inqilab konteksinə keçməsi deməkdir. Vaşinqtona İranda regional maraqlarına mane olmayacaq bir rejim, hökumət lazımdır.

ABŞ hər nə qədər İrandakı rejimin dəyişməsini istəsə də, bunun təkcə etiraz aksiyalarına dəstək verməklə kifayət etməyəcəyini yaxşı bilir. Ağ Ev molla rejimini güc aldığı, güvəndiyi bütün imkanlardan məhrum etməyi planlayır. İranı iqtisadi və siyasi baxımdan sıxmağın sonu regionda yeni bir müharibəyə ehtiyac yaradır.

ABŞ yeni sünni-şiə müharibəsi istəyir?

Əslində Baydenin “Biz İranı azad etməyi hədəfləyirik” ifadəsi mövcud İran hakimiyyətinin əlini gücləndirir. Molla rejimi Baydenin bu açıqlamasından daxili auditoriyanın dəstəyini qazanmaq, hətta etiraz aksiyalarını manipulyasiya etmək üçün də istifadə edə bilər. Lakin ABŞ-ın istədiyi də məhz budur. Rejim əlindəki bütün kartları oynasın və imkanlarından sona qədər istifadə etsin.

Rəsmi Tehranın tədricən Vaşinqtonun tələsinə düşdüyünü demək olar. Misal üçün, İran hakimiyyətinin Qum şəhərində şiə müsəlmanları üçün müqəddəs sayılan Cəmqəran məscidinin günbəzi üzərində qırmızı bayraq qaldırması onu göstərir ki, Tehran hücuma hazırlaşır.

Rəsmi Vaşinqtonun xarici siyasətinin ən spesifik cəhətlərindən biri dost və düşmən anlayışıdır. Yəni ABŞ özündən güclü düşmənin olmasını istəmədiyi kimi, özündən güclü dostunun da olmasını qəbullana bilmir.

Rəsmi Vaşinqton üçün Yaxın Şərqdə bir neçə strateji tərəfdaş və müttəfiq ölkə var. Bunlar İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə və s-dir. ABŞ Türkiyəni dollar diplomatiyası ilə, İsraili siyasi böhran ilə tənzimləyə bilir.

Lakin son illərdə Səudiyyə Ərəbistanı sürətlə güclənir və əlindəki geniş karbohidrogen ehtiyatlara güvənərək Vaşinqtonun təlimatlarını dinləmək istəmir. Hətta Vəliəhd Şahzadə Məhəmməd bin Salman şəxsi məclislərində Co Baydeni ələ salır, ABŞ prezidentinin əqli vəziyyətinin yerində olmadığını deyir. Ağ Evin mətbuat katibi isə Baydenin Səudiyyə ilə münasibətləri yenidən nəzərdən keçirdiyini bildirib.

“Wall Street Journal”da İranın ölkə daxilindəki etirazlardan diqqəti yayındırmaq üçün Səudiyyə Ərəbistanına hücum edəcəyi haqda yayımlanın məqalə diqqət çəkir. Görünən odur ki, Vaşinqton regionda Səudiyyə Ərəbistanı ilə İran arasında məzhəb faktorlu müharibə başlatmaq istəyir.

Qalibi bəli olmayan İran-İraq müharibəsi kimi, ehtimal edilən Səudiyyə-İran müharibəsi İranı da, Səudiyyəni də kifayət qədər zəiflədə bilər. Beləliklə, ABŞ həm güclənməkdə olan Səudiyyəni bu yolla tam ovcunun içinə alar, İranda rejimi dəyişmək fürsəti qazana bilər.

Turan Rzayev, Globalinfo.az