Qorxunc görüntü: Azərbaycanın ən strateji yeri “işğal edilir” – VİDEO / FOTOFAKT

***
11:44

Başlığı oxuyanda, yəqin, çoxu düşündü ki, söhbət Qarabağdakı hansısa ərazidən gedir.

Elə də düşünün, çünki haqqında danışdığımız “işğal” faktı ən azı Şuşanın işğalı qədər faciəvidir.

Söhbət Kür çayının quraqlıq tərəfindən işğalından gedir.

Azərbaycanın şah damarı quruyur.

İstər müxtəlif platformalarda, istərsə də Globalinfo.az-da bu mövzunu bir neçə dəfə gündəmə gətirsək də, təəssüf ki, cəmiyyətin böyük kəsimi vəziyyətin ciddiliyinin fərqinə varmır.

Kürdən yayılan fotolar vəziyyətin qorxulu həddə çatdığını göstərir.

Bir vaxtlar insanların “dəli Kür” deyib girməyə ehtiyat etdiyi bu çay getdikcə düzənliyi xatırladır.

Bir vaxtlar balıqların üzdüyü o yerlərdə indi qarışqalar gəzir.

Təsəvvür edirsinizmi?

Azərbaycanın iki əsas su mənbəyindən birinin – Kürün quruması, təxminən, Gəncənin və ya Bakının Yer üzündən silinməsi kimi bir şeydir.

Beynəlxalq münasibətlər üzrə ekspertlər, alimlər növbəti qlobal müharibənin su səbəbindən baş verəcəyini proqnozlaşdırırlar.

Hələ Vətən müharibəsindən əvvəl irəli sürülən versiyalardan biri də bu idi ki, Qarabağda müharibə həm də su anbarları uğrunda başlayacaq.

Hazırda dünyanın müxtəlif regionlarında su böhranı səbəbindən gərginlik yaşanır. Məsələn, Misir, Sudan və Efiopiya arasında Nil çayı ilə bağlı fikir ayrılığı səbəbindən Şimali Afrikada genişmiqyaslı savaşın ola biləcəyi proqnozlaşdırılır.

Əgər vaxtında tədbir görülməsə, Qafqazda da bənzər vəziyyətin yaranacağı qaçılmaz olacaq.

Su qan yerinə axmasa, qan su yerinə axacaq.

Aqşin Evrən
Globalinfo.az