Qobustanda faciə: gəlinini öldürdü, arvadını isə… – Şok təfərrüat / YENİLƏNİB

Qobustanda faciə: gəlinini öldürdü, arvadını isə... - Şok təfərrüat / YENİLƏNİB

Qobustan rayonunun Təklə kəndində törədilən qətlin təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.

2001-ci il təvəllüdlü Günel Ağabəyli yaşadığı evdə bıçaqlanaraq öldürülüb. Onun qayınanası Sevil Ağayeva isə bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsi – mərhumun qayınatası, 1957-ci il təvəllüdlü Orucağa Ağayevi saxlayıb.

Qətlə yetirilən qadının həyat yoldaşı Tayfun Ağabəyli hadisə ilə bağlı Teleqraf-a danışıb.

T. Ağabəylinin sözlərinə görə, onların ailəsində ciddi problem olmayıb:

“Biz bir-birimizi sevərək ailə qurmuşduq. Aramızda heç bir söz-söhbət, narazılıq olmayıb. Amma son 15-20 gündə atamın psixoloji durumu yaxşı deyildi. Hər kəsə sataşırdı, əsəbi və gərgin davranırdı. Bunu hiss edirdik, amma belə bir şey edəcəyinə inanmazdım. Şokdayam. Mənim həyat yoldaşımı – heç bir günahı olmayan bir insanı bu şəkildə qətlə yetirəcəyini düşünməzdim…”.

Günel Ağabəylinin atası Rasim Qəhrəmanov isə deyib ki, cütlük uzun illər sevgi münasibəti yaşayıb və iki il əvvəl ailə qurublar. Ailələr arasında da heç bir narazılıq olmayıb:

“Hadisədən bir neçə saat əvvəl qızım və kürəkənim bizdə idilər. Oturduq, birlikdə yemək yedik. Heç bir narahatlıq yox idi. Onları özüm yola saldım. Bir saatdan sonra isə belə dəhşətli xəbər gəldi. Qızıma 18-19 bıçaq zərbəsi vurublar. Qızımın heç bir günahı yoxdur. Bəzi saytlar yazır ki, hadisə qısqanclıq zəminində olub – bu, tamamilə yalandır. Onlar bir yerdə musiqi məktəbində müəllim işləyirdilər, bir-birilərini sevirdilər. Sadəcə son vaxtlar kürəkənimin atasında psixoloji problemlər yaranıb”.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Qobustanda faciə: gəlinini öldürdü, arvadını isə... - Şok təfərrüat / YENİLƏNİB
Qobustanda faciə: gəlinini öldürdü, arvadını isə... - Şok təfərrüat / YENİLƏNİB

***13:03
Qobustan rayonunda 24 yaşlı gəlinin qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, faciə baş verən ailənin hamısı təhsil işçisi imiş.

Qətlə yetirilən G.Ağabəyli həyat yoldaşı Tayfun Ağabəyli ilə tələbə yoldaşı olub və hər ikisi Təklə kənd orta məktəbində musiqi müəllimi işləyirmiş. Cütlük iki il öncə ailə həyatı qurub, övladları olmayıb. Şamaxı şəhər sakini olan G.Ağabəyli iki il öncə Təklə kəndinə gəlin gəlib.

Hadisəni törətməkdə şübhəli bilinən Orucağa Ağayev həmin orta məktəbdə ibtidai sinif müəllimi işləyib, iki il əvvəl yaşa görə təqaüdə çıxıb. O.Ağayevin həyat yoldaşı Sevil Ağayeva isə həmin məktəbdə kitabxanaçı işləyir.

Məlumata görə, hadisə ani baş verib. Hadisə vaxtı O.Ağayevin oğlu Tayfun Ağabəyli evdə olmayıb, G.Ağabəyli ilə qayınanası S.Ağayevə evin eyvanında çay içirmişlər. Həmin vaxt O.Ağayev evə gələrək onlardan çay istəyib. S.Ağayeva həyat yoldaşına çay gətirmək üçün mətbəxə keçib və bu vaxt qəfil qışqırıq səsi eşidib. Dərhal geri qayıdan qadın həyat yoldaşının əlində dəmir parçası ilə gəlinləri G.Ağabəylinin baş nahiyəsinə zərbələr endirdiyini görüb. Qadın ərinə mane olmağa çalışsa da, mümkün olmayıb. Bu zaman O.Ağayev həyat yoldaşının da baş və bədən nahiyəsinə ağır zərbə endirib və qadın zərbənin təsirindən huşunu itirib. Bundan sonra O.Ağayevin G.Ağabəylini xüsusi amansızlıqla qətlə yetirdiyi ehtimal edilir.

Hadisədən sonra O.Ağayev Qobustan Rayon Polis Şöbəsinə gedərək təslim olub.

İlkin ehtimala görə, O.Ağayev G.Ağabəylini qısqanclıq zəminində qətlə yetirib. Məlumata görə, o, gəlininin başqa bir şəxslə münasibətdə olduğunu eşidib və bu səbəbdən qətlə yetirmək qərarına gəlib. Buna görə də O.Ağayev evə gələrək həyat yoldaşını çay gətirmək adı ilə mətbəxə göndərəndən sonra gəlinə zərbələr endirib.

Faktla bağlı cinayət işi başlanıb.

***11:12

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.

Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.