Bayram namazının vaxtı ilə bağlı fikir ayrılığı – QMİ-dən açıqlama

Sosial şəbəkələrdə Ramazan ayının bitməsi və bayram namazının qılınması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Hər il olduğu kimi, bu il də inanclı kəsim iki hissəyə bölünüb: bir qisim Türkiyə, digəri isə İran yanaşmasını əsas götürür.

Bəs bu il Azərbaycanda bayram namazı nə vaxt qılınacaq?

Mövzunu Globalinfo.az-a şərh edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev deyib ki, hər il olduğu kimi, bu il də bayram namazı səhər saat 8-9 radələrində qılınacaq.

Onun sözlərinə görə, bayram namazı bəzi məscidlərdə səhər saat 8-də elan olunsa da, əksəriyyətində 9:00-da elan olunur:

“İstər Bakı, istər rayonlar üzrə eynidir. Məsələn, məscid imamları və icma rəhbərləri öz camaatı ilə bağlı namazın vaxtını təyin etmək şansına malikdirlər.

İstəyərlər bunu saat 8 üçün təyin edərlər, istəyərlər də 1 saat sonraya. Həm də bu, insanların gəlmə saatından asılıdır”.

F.Nurullayev Azərbaycanda hansısa ölkəyə görə oruc tutulmadığını bildirib:

“Biz araşdırma aparmırıq ki, hansı ölkə nə vaxt və necə edirsə, eynisini edək. Lakin bilirik ki, inşallah Türkiyədə də ayın 10-u bayram günü qeyd olunacaq. Qalan ölkələrlə bağlı qəti məlumatım yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az