Cənubi Qafqaz hazırda dünyanın ən sabit coğrafiyalarından biridir. Xüsusilə 19-20 sentyabr antiterror tədbirlərindən sonra separatizmin kökü kəsilib, müharibə başa çatıb.
Bəzi ekspertlər hesab edir ki, regionda gərginliyi artıra biləcək ehtimal aktorlar ortaq məxrəcə gəlib. Rusiya, İran isə bir müddətdir Ermənistanı qızışdırmır, eskalasiyaya çalışmırlar.
Ekspertlər həm də belə düşünür ki, bunun əsas səbəbi Türkiyənin regionda dominant mövqeyə sahiblənməsidir. Bir başqa faktor isə Çinin də regionda sabitlikdə maraqlı olmasıdır. Bütün bu proseslərin mərkəzində isə Azərbaycan, Prezident İlham Əliyev dayanır.
Maraqlıdır, ABŞ, Aİ status-kvonu poza bilərmi? Ermənistan üzərindən bu sabitliyi zədələmək imkanına sahibdirmi? Dünyanın qarışdığı dövrdə Cənubi Qafqazda sabitliyi qorumaq mümkün olacaqmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün Cənubi Qafqazda həqiqətən nisbi sakitlik hökm sürür:
“Yəni həm 2020-2023-cü illərdəki gərgin və müharibələrlə müşayiət olunan münasibətlərdən sonra, həm də dünyanın digər regionlarındakı qızğın savaşlar fonunda buradakı vəziyyəti sabit kimi qiymətləndirmək olar.
Təbii ki, bu sabitliyin əsasında başda Prezident İlham Əliyev olmaqla Azərbaycan Respublikasının apardığı siyasət dayanır. Azərbaycanın son illərdəki diplomatik səy və ərazisinin separatçı terrorçulardan təmizlənməsi istiqamətində atdığı addımlar bu gün regionun ən böyük qarşıdurmasının sona çatması ilə nəticələndi.
Əlimusa İbrahimov
İndi Azərbaycanla Ermənistan arasında münaqişə sona çatıb və sülh danışıqları istiqamətində müzakirələr gedir. Amma 2023-cü ildən sonrakı status-kvonun regionun bəzi qüvvələrini razı saldığını düşünmək düzgün olmazdı. Burada Ermənistan, Rusiya və İran kimi Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr mövcuddur. Bu qüvvələrin vəziyyəti qızışdırmaq üçün müdaxilə etməmələri heç də onların sona qədər sakit duracaqları anlamına gələ bilməz. Sadəcə bugünkü vəziyyət onların əl-qol açmaları üçün uyğun deyil. Çünki onlar öz mövcudluqları üçün ölüm-dirim mücadiləsi verirlər.
Regiondankənar qüvvələr arasında müdaxilə imkanına malik olanlar arasında Aİ və ABŞ-ı misal göstərmək olar. Hazırda vəziyyəti gərginləşdirmək cəhdi məhz bu qüvvələrdən gəlir. Amma yaxın zamanlarda onların da bu istiqamətdə ciddi nəticə əldə edəcəklərini düşünmək düzgün olmazdı. Çünki bir tərəfdən bu güclər özləri də digər regionlarda davam edən iğtişaşlarla ciddi məşğuldurlar. Digər tərəfdən isə artıq Ermənistanda da kənar qüvvələrin regiondakı vəziyyətə müdaxilələrinin yaxşı nəticə verməyəcəyini düşünməyə başlayıblar”.
Turan Rzayev
Globalinfo.az













