qizil magazasi 1

Dünya bazarlarında qızılın qiymətində müşahidə olunan rekord artım Azərbaycanda da öz təsirini göstərir. Qlobal birjalarda qızılın dəyərinin tarixi həddə yaxınlaşması fonunda ölkə daxilində həm külçə qızılın, həm də zərgərlik məmulatlarının qiymətində bahalaşma qeydə alınır.

Bəs qızıl bazarındakı bu artım Azərbaycanda hansı dəyişikliklərə səbəb olub və qiymətlərin yüksəlməsi qarşıdakı dövrdə də davam edə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, dünya birjalarında qızılın qiymətində artım müşahidə olunmasının səbəblərindən biri Yaxın Şərqdə, xüsusilə İran-ABŞ münasibətlərində yaranan gərginlik və ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi bəyanatların bazarlarda qeyri-müəyyənliyi artırmasıdır:

“Məhz bu cür qeyri-müəyyənlik dövrlərində qızılın qiyməti adətən yüksəlir. Çünki investorlar daha təhlükəsiz hesab etdikləri aktivlərə, ilk növbədə qızıla üstünlük verirlər. Qızıl bazarında son aylarda yüksək volatillik müşahidə olunur. Qiymətlər əvvəlcə tarixi maksimum səviyyələrə yüksəldi, daha sonra müəyyən qədər gerilədi, indi isə yenidən artım tendensiyası görünür”.

eyyub kerimli 900x614 1

Eyyub Kərimli

İqtisadçı hesab edir ki, qızılın qiymətinin gələcək dinamikası dünya siyasətində və qlobal iqtisadiyyatda baş verəcək proseslərdən asılı olacaq:

“Əgər İran-ABŞ münasibətlərində gərginlik daha da artsa və ciddi qarşıdurma riski yaransa, bu, qızılın qiymətinin daha da yüksəlməsinə səbəb ola bilər. Digər mühüm amillər isə neftin qiyməti və ABŞ dollarının məzənnəsidir. Hazırda dolların zəifləməsi qızılın bahalaşmasını dəstəkləyən əsas faktorlar sırasındadır. Əgər yaxın dövrdə dollar möhkəmlənərsə, bu halda qızılın qiymətində müəyyən eniş müşahidə oluna bilər. Ümumilikdə, hazırkı mərhələdə qızılın qiymətinin istiqaməti əsasən dünya siyasətində və qlobal iqtisadiyyatda baş verən proseslərdən asılı olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: