Prezidentin Litva səfəri: Bakının daha bir uğurlu addımı

“Litva NATO və Avropa İttifaqının üzvüdür. Belə bir ölkə ilə Azərbaycanın münasibətləri inkişaf etdirməsi həm üzv olduğu təşkilatlarda mövqeyimizin qorunması, həm də təhlükəsizlik sahəsində əlavə dividentlər yarada bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Litva Respublikasına səfər etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Litva tarixi əlaqələrə malikdir:

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Litva həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Litvaya ilk rəsmi səfəri də məhz bu tarixdə gerçəkləşib.

Qabil Hüseynli

Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün ittifaq üçün strateji enerji tərəfdaşıdır.

Litva bu gün Avropa İttifaqında ölkəmiz əleyhinə verilə biləcək ehtimal qərarlara qarşı çıxan nadir ölkələrdəndir. Prinsip etibarilə ölkə başçısının son illərdə Avropa ölkələri ilə təmasları artırması, münasibətləri inkişaf etdirməsi həm də bu baxımdan diqqət çəkir.

Prezidentin Litvaya budəfəki səfəri zamanı da bir çox sənədlər imzalanıb. Bu sənədlər geosiyasi müstəvidə, xüsusilə ölkəmizin NATO və Aİ ilə münasibətləri fonunda önəm daşıyır.

Aİ-də ölkəmizin əleyhinə vaxtaşırı neqativ hallar yaşanır. Litva və bu kimi ölkələrlə münasibətləri inkişaf etdirmək baxımdan olduqca faydalı tərəfdaşdır”.

Turan Rzayev
Globalinfo.az