İran-Azərbaycan münasibətlərində normallaşma müşahidə edilir. Xüsusilə Tehrandakı səfirliyimizə silahlı hücum edən şəxsə edam cəzasının verilməsi buzları əridən başlıca faktordur.
Bununla elə Bakı tələsmir: diplomatik təmaslar davam etsə də, Tehrandakı səfirliyin fəaliyyətinin yenidən bərpa edilməsi hələlik baş tutmur.
Bakının ehtiyatlı mövqe sərgiləməsi nə ilə bağlıdır? Tehrandakı səfirlik niyə hələ də açılmır? Teraktı törədən şəxsin edam edilməsi münasibətləri normallaşdıracaq?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Aytən Qurbanova deyib ki, ilkin olaraq onu qeyd etmək lazımdır ki, normal qonşuluq prinsipi əsasında sərhədyanı dövlətlərlə münasibətlərimizin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasi prioritetləri sırasında mühüm istiqamət olaraq qəbul edilmiş yanaşmadır:
“Ona görə də, İran ilə münasibətlərimizin normallaşması da təbii ki, bizim üçün kifayət qədər böyük önəm kəsb edir. Xüsusilə də milyonlarla soydaşımızın yaşadığı ölkə olaraq İrandakı diplomatik nümayəndəliyimizin fasiləsiz fəaliyyəti çox böyük əhəmiyyətə malikdir.
Amma bu proses heç bir halda birtərəfli xoş niyyət addımları ilə müşayiət oluna bilməz. İlk növbədə İran tərəfindən zədələnmiş etimad bərpa edilməli, suverenliyimizi hədəf alacaq addımlardan çəkinilməli və nəhayət ki, həqiqətən də regional sülhə töhfə verəcək bütün imkanlar İran tərəfindən doğru dəyərləndirilməlidir. Yalnız belə olduğu halda diplomatik münasibətlərdə yaranmış gərginliyin aradan qalxması və Tehrandakı səfirliyimizin fəaliyyətinin bərpa edilməsinin mümkünlüyü haqqında danışa bilərik.
Nəticə etibarilə hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə İranın mövqeyində kifayət qədər ziddiyyətli və qeyri-konstruktiv yanaşmalar daha çox diqqət cəlb etdiyi üçün ikitərəfli münasibətlərdə yaranmış gərginliyin azalması bizdən daha çox qarşı tərəfin xoşniyyətli addımlarının ifadə olunmasından asılıdır”.
Turan Rzayev
Globalinfo.az