Azərinin Qüdsə “bayraq asması” Azərbaycana qarşı yönələ bilərmi? – ŞƏRH

Azərin kimi tanınan müğənni Anaxanım Tağıyevanın səsləndirdiyi ifa birmənalı qarşılanmayıb. Onun “Türkün şanlı bayrağını Qüdsdə də asacağıq” deməsi müzakirələrə səbəb olub. İfaçının bu sözü Azərbaycanı qınaq obyektinə çevirə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov deyib ki, Azərin sənət adamıdır və sənət adamının səsləndirdiyi hər hansı bir fikir Azərbaycanın, Azərbaycan dövlətinin rəsmi mövqeyini əks etdirmir.

Politoloq bu mahnıya görə Azərbaycana hər hansı bir təsirin olacağını düşünmədiyini deyib:

Samir Hümbətov

“Çünki Azərin mahnını müğənni olaraq ifa edib. Bundan başqa, Azərin Türkiyədə yaşayır və elə fikir səsləndirməsi onun şəxsi yanaşmasıdır. Bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. İsrail-Azərbaycan və Fələstin-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Azərbaycan Fələstinə qarşı hər hansı bir formada fikir səsləndirmir. Ona görə də belə mahnılar ikili münasibətlərə təsir edəcək səviyyədə deyil”.

Politoloq deyib ki, Azərbaycan rəsmi mövqeyini açıqlayıb:

“İsrail dövləti də, Fələstin dövləti də Azərbaycanın rəsmi mövqeyini bilir. Əgər o açıqlama Azərbaycanın hər hansı bir dövlət qurumlarından və ya dövlət əhəmiyyəti şəxslərindən gəlsə idi, haradasa narahatlıq yarada biləcək məqamlar ola bilərdi. Amma bu fikri müğənni, sənət adamı səsləndirib. Onun söylədiyi fikirlər Azərbaycanın rəsmi mövqeyini əks etdirmir”.

Zaira Akifqızı
Globalinfo.az