“Zalujnının yerinə təyin edilən Ukrayna Quru Qoşunlarının komandanı general Aleksandr Srski təcrübəli generaldır. Baxmutda gedən əməliyyatlara da rəhbərlik edib”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov deyib.
O bildirib ki, Qərb KİV-ləri həmin generalın “Qəssab” təxəllüsü daşıdığını vurğulayır:
“Əsgərlərini döyüş meydanında tərk etdiyini deyənlər də var, lakin bunun reallığı nə qədər əks etdirdiyi sual doğurur. Maraqlı olan Zalujnının bundan sonra nə edəcəyidir. Əgər hərbi səhnədən getsə, gələcəkdə prezidentliyə iddia etməsi istisna deyil. Bunu Volodimir Zelenski də bilir. Ona görə də Zalujnını mümkün qədər neytrallaşdırmağa çalışır. Bunu elə formada etməlidir ki, Zalujnının tərəfdarı olan hərbçiləri özünə qarşı qaldırmasın”.
Siyasi şərhçi vəzifə dəyişikliyinin ciddi nəticə verəcəyini düşünmür:
“Burada ABŞ-ın mövqeyi, texniki tədarük və s. məsələlər var. Hərbi elitada islahatlar davam etdiriləcək. Digər hərbçilərin də vəzifədən azad olunması istisna deyil. Ukraynada hərbi və siyasi elita arasında ziddiyyət var. Bu, gələcəkdə daha da dərinləşəcək”.
Safura Bənnayeva
Globalinfo.az














