Qərbin Cənubi Qafqaz planı: Rusiya ilə toqquşma qaçılmazdır

Qərbin son zamanlar Cənubi Qafqazda aktivləşməsi müşahidə edilir. Qərb Rusiya ilə mübarizə fonunda Ermənistanda mövqelərini gücləndirib, Kremli bu ölkədən çıxarmağa çalışır. Bu layihənin kilid ismi isə Ermənistan Baş naziri Nikol Paşinyandır. Proses Azərbaycanı da, Rusiyanı da narahat edir.

Qərb regiona daxil ola, burada aktora çevrilə, bögənin idarəetmə paketinə sahiblənə biləcəkmi? Rəsmi Moskva siyasi baxımdan bu prosesin qarşısını ala bilməsə, başqa variantlara əl atacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, son dövrlər Ermənistanda baş verən hadisələr, Qərbin regionda aktivləşməsi, Rusiyanın Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda təsirinin azalması ilə bağlıdır:

“Bütün qlobal oyunçular bu gün bundan maksimum dərəcədə istifadə etməyə çalışırlar. Ermənistan rəhbərliyi bu gün açıq-aydın etiraf edir ki, Rusiya mövcud hakimiyyəti devirməyə çalışr. Rəsmi İrəvan bunu əsas götürərək Qərbi regiona özü dəvət edir. Nikol Paşinyan bu prosesi icra edən fiqurdur.

Qərb hər nə qədər Ermənistanda və bütövlükdə Cənubi Qafqazda nüfuz əldə etmək istəsə də imkanları Rusiya ilə eyni deyil. Rusiyanın bu gün Ermənistana təsiri bu ölkədəki varlığı, gücü kifayət qədər çoxdur. Özü də bu gücü qısa zamanda sıradan çıxarmaq mümkün deyil.

Murad Sadəddinov

İqtisadi baxımdan Ermənistan tam Rusiyadan asılıdır. Qərb bu asılılığı sonlandıra bilər, amma bunun üçün bütün imkanlarını səfərbər etməyəcək. Bundan başqa, Qərbin hazırda Cənubi Qafqaz siyasətindən regional oyunçular narahatdır. Misal üçün, Azərbaycan və Türkiyə bunda qəti şəkildə maraqlı deyil, əsas narazı tərəfdir.

Rəsmi Bakı və Ankaranın mövqeləri onu deməyə əsas verir ki, Qərbin regiona müdaxilə imkanlarını regional aktorlar bloklayacaq. Çünki Qərb özü də yaxşı başa düşür ki, regionun əsas ölkəsi Azərbaycandır. Rəsmi Bakı isə maraqlarına zərər vuracaq addımlara qarşı reaksiya göstərir”.

Turan Rzayev
Globalinfo.az