“Qərb Vuçiçi devirməyə çalışır” – Serbiyanın Baş naziri

“Qərb Vuçiçi devirməyə çalışır” – Serbiyanın Baş naziri

Qərb ölkələri Serbiyada hakimiyyəti devirmək cəhdlərindən əl çəkməyəcək, çünki Belqrad müstəqil siyasi kurs yürüdür.

Globalinfo.az xəbər verir ki, bunu Serbiyanın Baş naziri Curo Maçut TASS-a verdiyi müsahibəsində bildirib.

“Son aylar ərzində Serbiyada rəngli inqilab və legitim yolla seçilmiş hakimiyyətin – ilk növbədə Prezident Aleksandar Vuçiçin – zorla devrilməsi cəhdləri olub. Bu cəhdlərin arxasında Qərb ölkələrinin kəşfiyyat xidmətləri dayanırdı. Xoşbəxtlikdən, bu planlar xüsusi xidmət orqanlarımızın və polisin peşəkar fəaliyyəti, eləcə də hakim koalisiyanın birliyi sayəsində ifşa olunaraq qarşısı alınıb”, – deyə Maçut bildirib.

Baş nazir əlavə edib ki, Serbiya bu hadisələrin nəticələrini aradan qaldırmaq üçün işləri davam etdirəcək, lakin ölkə müstəqil siyasət aparmağa davam etdiyi müddətdə belə cəhdlər dayandırılmayacaq.

Qeyd edək ki, iyunun 25-də Serbiya Daxili İşlər Nazirliyi konstitusiya quruluşunun zorla devrilməsi cəhdilə bağlı 6 nəfərin saxlanıldığını açıqlayıb.

Daha öncə Prezident Vuçiç aksiyalar zamanı təxribat və zorakılıq riskinə dair xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, bu etirazların arxasında xaricdən, xüsusilə də Kosovo və Metoxiyada serblərə təzyiqi dəstəkləyən qurumlardan yönəldilən tələbə və Qərbpərəst təşkilatlar dayanır.

Aysel Əliyeva
Globalinfo.az