
Qərbin Cənubi Qafqaz siyasəti son günlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Gürcüstanda keçirilən parlament seçkiləri bu siyasəti xeyli aktivləşdirib.
Əslində ABŞ və Avropa Birliyi bu regionda hər zaman fəal olmağa çalışıb. Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gətirilməsi, Gürcüstanı yenidən öz nəzarətinə götürmək cəhdləri buna misaldır. Üstəlik Rusiya ilə konfrontasiya və Azərbaycana qarşı qərəzli yanaşmalar da bu siyasətin tərkib hissəsidir.
Qərb Cənubi Qafqazla bağlı hədəfləri reallaşdıra biləcəkmi? Qafqaz tam şəkildə Vaşinqtonun və Brüsselin nəzarətinə keçərsə, nələr olar?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ukrayna müharibəsinin ən çox təsir göstərdiyi bölgə Cənubi Qafqazdır:
Əziz Əlibəyli
“Cənubi Qafqaz sürətlə transformasiyaya uğrayır. Həm Ukrayna müharibəsi, həm də dünyada bloklara və qruplara parçalanma prosesi hazırda Gürcüstan, Azərbaycan və Ermənistanın xarici siyasət perspektivlərini yenidən dəyişməyə məcbur edir. Regionun geosiyasi mövqeyi də Avropa və Asiya arasında körpü rolunu oynayır. Bunu tarix boyu imperiyaların hücumuna məruz qalan ərazi kimi müəyyən ediblər. İndi də buranın xalqları dağlıq bölgədə ticarət kommunikasiyaları üzərində keşikçi rolunda qalıblar. Cənubi Qafqaz tarixən İran-Rusiya, Türkiyə-Rusiya, Qərb-Rusiya rəqabət meydanına çevrilmişdisə, indi də həmin formada qalmaqda davam edir”.
Siyasi şərhçinin sözlərinə görə, 2022-ci ildə başlayan Ukrayna müharibəsi ilə Cənubi Qafqazın status-kvosu da sarsıldı:
“Çünki bölgənin taleyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Bu region getdikcə parçalanan dünyada bufer dövlətlərə çevrilməkdədir. Qərblə Rusiya arasında ticarət əlaqələrinin məhdudlaşdırılmasından sonra ticarətin davam etməsi üçün Qafqaz regionu təbii bağlayıcıya çevrilib. Rusiyanın regiondan keçib dünyaya bağlayan magistral və dəmir yolları birdən-birə dünya gücləri üçün çox böyük dəyər qazandı. İşğaldan dərhal sonra Gürcüstan vasitəsilə Rusiyanı Türkiyə ilə birləşdirən quru yol nəhəng yük maşınlarının xəttinə çevrildi. Çinli podratçılar Gürcüstan-Rusiya sərhədində tıxacı azaltmaq üçün tunellər tikirlər. Abxaziya və Osetiyadan keçən dəmir yollarının da Rusiya-Gürcüstan xəttində açılması nəzərdə tutulur”.
Əziz Əlibəyli qeyd edir ki, Gürcüstan hökumətinin əlinə böyük fürsət düşüb:
“Ermənistan və Gürcüstan Ukrayna müharibəsinin nəticələrinə görə ən çox qazanan iki dövlətdən birinə çevrilir. Həm Qərb, həm də Rusiya Gürcüstanı ələ almaq və tərəfinə çəkmək üçün köklü güzəştlər etdi. Moskva viza məhdudiyyətini ləğv etdi, Aİ isə rəsmi namizəd kimi statusunu yüksəltdi. “Gürcü Arzusu” parlamentdə qələbə qazandı, Xarici agentlər haqqında qanun qəbul edildi və hətta Gürcüstan Qara dənizdə ilk dəniz limanının işlənməsini Çinə verdi. Çinin buraya gəlməsi çox maraqlı yanaşmadır. Çinə verilən bu imtiyaz hələ 2016-cı ildə layihə kimi Qərbə verilmişdi. Bu, ləğv edildi. Gürcüstan bunu həm də Rusiya ilə münasibətlər kontekstində etdi. Beləliklə, Abxaziya məsələsinə görə faydalı olacaq vacib nöqtələr önə çıxdı”.
Siyasi şərhçi vurğulayır ki, Ukrayna müharibəsi ticarət axınlarını Qara dəniz və Xəzər dənizi arasına yönəltdi:
“Bunun Azərbaycana da böyük təsiri oldu. Avropanın Azərbaycan qazına, Orta Dəhliz vasitəsilə Rusiyadan yan keçməklə Mərkəzi Asiya və Çinlə ticarət əlaqəsi yaratmağa ehtiyacı var. Rəsmi Moskvaya isə Azərbaycan yolu həm İran, həm də Hindistanla əlaqələri bərpa etmək, iddialı layihələri reallaşdırmaq üçün lazımdır. Bütün bunlar Azərbaycanın Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirdi. 2020-ci ildə başlayan müharibə əslində daha əvvəldən əsası qoyulmuş beynəlxalq münasibətlərin bir mərhələsi idi. Yəni bunu daha öncədən hesab edən qüvvələr var idi.
Bu konfiqurasiyada digər iki Qafqaz ölkəsi ilə müqayisədə Azərbaycanın tamamilə müstəqil xarici siyasət yürütməsini, qlobal proseslərdə ayrıca mərkəz kimi çıxış etməsini şərtləndirir. Bu istiqamət üzrə Azərbaycanı güclü edən onun başlatdığı Türk Dövlətləri Təşkilatının dünyanın üçüncü böyük gücünə çevrilməsidir”.
Politoloq Fərhad Məmmədov isə qeyd edir ki, ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fərqli və eyni maraqları var:
Fərhad Məmmədov
“Regionun ən böyük ticarət tərəfdaşı Aİ-dir. Uzun illər boyu iqtisadi blok kimi fəaliyyət göstərib. Son dövrlərdə isə geosiyasi oyunçuya çevrilmək istəyir. Keçən il Gürcüstana Aİ-yə üzvlüklə bağlı namizədlik statusu verəndə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, bu, geosiyasi addımdır. Görünür, Aİ hələ geosiyasi addımlar atmağa hazır deyil. Çünki ölçüb-biçmirlər”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqının böyük ölkələri olan Fransa və Almaniya ümumi siyasətə problemlər yarada bilir:
“Bəzi hallarda bu iki ölkənin maraqları və baxışları Aİ-nin maraqları ilə üst-üstə düşmür. Avropa İttifaqına üzv olan güclü ölkələr mərkəzi institutların fəaliyyətinə problem yaradır. Ümumilikdə isə Qərbin nəqliyyat, energetika sahəsində də maraqları var. Bu geosiyasi hədəflər içərisində onların ideoloji xarici siyasətinin əsasını təşkil edən demokratik rejimlərlə əməkdaşlıq, yaxud da onlara dəstək əsas rol oynayır. Bundan istifadə edərək Qərb Cənubi Qafqazda öz maraqlarını formalaşdırır”.
Safura Bənnayeva
Globalinfo.az













