Qərb koalisiyasında dərin çat: Bərdə-Ağdam yoluna “protiv” girən hansı dövlətdir?

Qərb koalisiyasında dərin çat: Bərdə-Ağdam yoluna “protiv” girən hansı dövlətdir?

Humanitar yüklərin Laçın yolu ilə deyil, alternativ Bərdə-Ağdam yolu ilə Xankəndinə çatdırılması Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tərəfindən dəstəklənir. Diqqətçəkən digər məqam isə ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı Bərdə-Ağdam marşrutuna qarşı çıxmamasıdır. Hətta Blinken dolayı yolla da olsa bu təklifi dəstəkləyib.

Qərbi təmsil edən iki ciddi şəxsin bənzər pozitiv açıqlamalarına baxmayaraq Laçın postunun qarşı tərəfində də TIR şousunda iştirak edən Qərb nümayəndələri var.

Maraqlıdır, bu ziddiyyətin izahı nədir? Qərb kimi dəstəkləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Qərb bütün məsələlərdə kollektiv mövqedən çıxış etmək potensialını çoxdan dəfn edib, Rusiya-Ukrayna müharibəsindəki vəziyyətə yanaşmada basdırılmış təcrübə üzə çıxmağa başladı:

“Azərbaycan-Ermənistan münasibətlərinə yanaşmada da oxşar məzmunu görmək çətin deyil, bu təbii ki, təkcə regiona münasibətdən yox, həm də qlobal mənzərədə ortaya çıxan rəqabətdən qaynaqlanır.

Məsələn, Qərbin əsas gücləri olan ABŞ, Böyük Britaniya eyni dairədə fırlanır, Fransa isə fərqli qövs cızmağa çalışır, bu tendensiya qlobal məkanda NATO üzvü olan nəhənglər arasındakı rəqabəti təyin etməyə əsas verir.

Cənubi Qafqaz regionuna baxış bucağında məzmunca da, formaca da bənzər mahiyyətlər görünür – deməli, Qərbdə ABŞ-Böyük Britaniya bir, Fransa isə fərqli münasibətini Azərbaycan-Ermənistan münasibətlərinə yansıdır.

Avropa İttifaqı isə Qərb münasibətlər sistemində çat verən yarğanlara düşməmək üçün özünü etibarlı status müstəvisinə yerləşdirir.

Bu hərarətin üstünə Türkiyənin, Rusiyanın və İranın regional maraqlarını da əlavə edəndə, ortaya çıxan mənzərənin nə qədər mürəkkəb olduğu barədə təəssüratlar aydınlaşır”.

Qərb koalisiyasında dərin çat: Bərdə-Ağdam yoluna “protiv” girən hansı dövlətdir?

Aqşin Kərimov 

Ekspert bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağda açıq qalan məsələlərin həlli üzrə tənliklərin mürəkkəbləşdirilməsinin kökündə dərin mətləblər dayanır:

“Ağdam-Xankəndi yolu ilə bağlı Qərbdə yaranan ikitirəlik bu cür mürəkkəb situasiyanın üzərində qərarlaşıb, ABŞ ilə Böyük Britaniya, Avropa İttifaqı həmin yolun işlək olmasını, Fransa isə bloklanmasını istəyir.

Rusiya bu məsələdə Fransa ilə eyni mövqeni bölüşə bilər, çünki həmin məsələ üzrə razılıq Qərbin Avropa İttifaqı qanadında əldə edilib ki, bu da Moskvanın regional tənzimləyici xüsusiyyətləri ilə uyğunluq təşkil etmir.

Regionu həssaslaşdıran məqamlardan biri də ABŞ-ın Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında dialoqda vasitəçilik etmək səyləri ilə əlaqəlidir”.

Turan Rzayev
Globalinfo.az