IMG 3007

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası qələbə qazandı. Bu prosesin fonunda bir sıra məsələlər ortaya çıxır. Belə ki, Qərbin Gürcüstanda keçirilmiş seçkiləri tanıyıb-tanımayacağı sual doğurur.

Qərb Gürcüstanda keçirilmiş seçkilərin nəticələrini tanımasa, bu, hazırkı iqtidara nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Qərbin Gürcüstandakı seçkilərə münasibəti əvvəldən bəlli idi:

“Qərb bu seçkilərə hakimiyyəti dəyişmək yolu kimi baxırdı. Qərb ölkələrinin səfirləri özlərini müxalifət lideri kimi aparırdılar. Seçkidən sonra inqilabla bağlı müxtəlif bəyanatlar verilirdi. Faktiki olaraq hazırlıq gedirdi. İstər müxalifət, istərsə də iqtidar bilirdi ki, seçkidən sonra səs faizləri necə olacaq. Məlum məsələ idi ki, Gürcü Arzusu seçkidə üstünlük qazanacaq. Buna görə də Qərb dairələri artıq hesabatı hazır qoymuşdular. Onsuz da Tiflisin Qərblə münasibəti son dərəcə gərgindir. Çalışırlar ki, indiki hakimiyyətə bu üsullarla təzyiq etsinlər. Qərbin seçki təzyiqi hər zaman olur. Buna dəfələrlə öz ölkəmizdə də şahidlik etmişik”.

Politoloqun sözlərinə görə, bu təzyiq siyasətinin ən başlıca icraçısı isə ATƏT-dir:

“Ehtimal ki, ATƏT-in seçkilərlə bağlı yekun rəyi mənfi olacaq. Bunun iqtidara mənfi təsirinin olacağı gözlənilmir. Sadəcə olaraq Gürcüstanın Avropaya inteqrasiyasına ciddi əngəl olacaq. Qərb Tiflisi tamamilə öz iradəsinə tabe etmək istəyir. Gürcü Arzusu hökuməti isə onlara boyun əymək istəmir. Buna görə baş verənlər öncədən bilinən ssenari üzrə davam edir.

Müxalifət də seçkinin nəticələrini qəbul etmir, artıq Tiflisdə etiraz aksiyaları başlayıb. Bu, ATƏT və ümumi Qərb dünyasına imkan verir ki, seçkinin nəticələrini qəbul etməsin. Ehtimal ki, Qərb tərəfindən seçki ilə bağlı verilən bəyanat mənfi olacaq və bu seçki Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirəcək”.

Qeyd edək ki, ATƏT-dən verilən ilk açıqlamada seçkinin rəqabətli olduğu qeyd edilsə də, yekun şərh verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: