Ermənistanı növbəti fəlakətə sürükləyirlər – Qərbin hədəfi

Ermənistanı növbəti fəlakətə sürükləyirlər - Qərbin hədəfi

Ermənistanla Azərbaycan arasında lokal toqquşmalar bitsə də, Qərb rəsmi İrəvanı israrla müdafiə edir. Xarici media resursları, siyasilər hər gün Ermənistana dəstək yazıları dərc edirlər.

Maraqlıdır, Qərb Ermənistanı nə vaxta qədər müdafiə edəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb heç vaxt Ermənistanı müdafiə etməyib, sadəcə olaraq ABŞ və Fransa həmişə İrəvan vasitəsilə öz maraqlarını təmin etməyə çalışıb:

“Bu dövlətlər Cənubi Qafqazdakı təsir güclərinin qorunması və artırılması üçün regionun ən zəif bəndindən – İrəvandan yararlanırlar.

Ermənistanı növbəti fəlakətə sürükləyirlər - Qərbin hədəfi

Kənan Novruzov

Qərb İrəvanı bəzən şirnikləndirir, kömək edir və onun vasitəsilə regiona soxulur. Məsələn, Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsi bunun bariz nümunəsidir. Yaxud da otuz il ərzində ABŞ və Fransa Minsk Qrupunun həmsədri kimi vaxtı uzadıb, nəticədə Ermənistan və region üzərində müəyyən təsir gücünə sahib olub. Əgər Qərb Ermənistanı, həqiqətən, dəstəkləsəydi, bu dövlətin rifahını düşünərdi.

Hazırkı durum rəsmi İrəvanı fəlakətə sürükləməkdir. Əlbəttə, bu, müvəqqətidir. Siyasətdə daimi dostlar yox, daimi maraqlar var. Qərbin maraqları tələb edəndə asanlıqla Ermənistandan vaz keçəcək, hazırkı baş nazir Nikol Paşinyanın “qələmi qırılacaq”. Paşinyan bunu başa düşməli və “çürük stulda” oturmamalıdır. Əks halda onun üçün hər an təhdid olacaq”.

Turan Rzayev
Globalinfo.az