Münaqişə alovlanır, ruspərəstlər aktivləşir – Moskvanın həmləsi

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku AB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqlədiyini bildirib.

“Avropa Sülh Fondundan 40 milyon avro yardım göstəriləcək. AB-nin davamlı dəstəyinə görə minnətdarlığımı bildirdim və ölkənin Avropa Birliyinə daxil olması üçün eyni əzmlə işləməyə davam edəcəyimizi vurğuladım”, – Popesku deyib.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda rəsmi Kişinyovun müdafiə potensialını artırması və bu istiqamətdə Qərbin 40 milyon avro ayrması diqqət çəkir.
Moldova Ukrayna müharibəsi fonunda Rusiyadan gələcək hücumlardan ehtiyat edir. Bununla belə, Kişinyov Kremli qıcıqlandıracaq addımlar atmaqdan da geri çəkilmir. Misal üçün, bir neçə gün öncə Rusiya səfirliyinin bir əməkdaşı persona non-qrata elan edildi. Bundan başqa, Rusiya saytlarının ölkə ərazisində yayımı da bloklanıb.

Moldova başa düşür ki, indiki məqdamda Rusiyanın başı Ukrayna müharibəsi və Cənubi Qafqazdakı proseslərə qarışıb. Bu fürsətdən istifadə edən rəsmi Kişinyov Qərbə yaxınlaşaraq yenə Qərbin dəstəyi ilə müdafiə potensialını artırır.

Bütün bunlara baxmayaraq, Rusiyanın Kişinyova təzyiq imkanları heç də hücumla kifayət deyil. Kreml həm daxildəki ruspərəst qüvvələri aktivləşdirmək, həm Dnesteryanı münaqişəsini alovlandırmaq, həm də Qaqauziya problemini işə salmaqla Kişinyova ciddi başağrısı yarada bilər.

Turan Rzayev
Globalinfo.az